Praqada Heyran Mustafazadənin sərgisi açılıb
Praqadakı Azərbaycan Mədəniyyət Evində rəssam Heyran Mustafazadənin “Köklər” adlı fərdi sərgisi açılıb.
Globalart.az ” AZƏRTAC”a istinadən xəbər verir ki, tədbir rəmzi məna daşıyan “sülh zəngi”nin çalınması ilə başlayıb. Mədəniyyət evinin direktoru və layihənin kuratoru Leyla Begim çıxışında vurğulayıb ki, “köklər” mövzusu birbaşa sülh ideyası ilə səsləşir: məkan yalnız torpaq anlayışı deyil, həm də yaddaşın və kimliyin qoruyucusudur. Onun sözlərinə görə, köklərin qorunması sabitlik və dialoqun seçilməsi deməkdir.
Rəssam Heyran Mustafazadə bildirib ki, sərginin ideyası bir neçə ay əvvəl kuratorla söhbət zamanı yaranıb. 44 günlük Qarabağ müharibəsinin təsirlərindən doğan və Bakıda başlanıb, Praqada tamamlanan silsilənin əsas əsəri ağrı ilə ümid arasında körpünü simvollaşdırır.
Ekspozisiyada tamaşaçılara “Yeni” silsiləsi təqdim olunub. Bu əsərlər insan varlığının doğuluşdan məhva və yenilənməyə qədər keçdiyi yeddi mərhələni əks etdirir. Klassik rəngkarlıqla abstraksiyanın qovşağında yaradılan rəsmlər Əzizə Mustafazadənin caz kompozisiyaları ilə müşayiət olunub.
Açılış mərasimində Çexiyanın bədii və akademik çevrələrinin nümayəndələri, diplomatlar və Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Qonaqların sözlərinə görə, sərgi incəsənətin müxtəlif mədəni təbəqələri birləşdirərək dialoq üçün ortaq məkan yaratmasının parlaq nümunəsi olub.
Heyran Mustafazadə oktyabr ayında sərgiyə müəllif ekskursiyası keçirəcəyini də elan edib.
Globalart.az
