Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib
Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı (UİF) qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Globalart.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, xatırladaq ki, festivalın əsası 2023-cü ildə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə qoyulub. Bu gün festival ölkəmizin ən iri miqyaslı sənət layihələrindən biri kimi tanınır.
Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov, həmçinin Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları şəhərin mərkəzi meydanında qurulmuş UİF guşəsi ilə tanış olublar. Burada uşaqlar öz yaradıcılıq işlərini təqdim edib, ziyarətçilərlə paylaşmaq imkanı qazanıblar. Ərazidə təşkil edilən zəka oyunları, interaktiv əyləncə məkanları və yaradıcılıq zonaları balaca iştirakçıların böyük marağına səbəb olub.
Daha sonra tamaşaçılar UİF qaliblərinin ifasında mahnılar, rəqslər və müxtəlif səhnə nömrələrindən ibarət geniş konsert proqramını izləyiblər. Hər çıxış gur alqışlarla qarşılanıb. İstedadlı uşaqlar şövqlü ifaları ilə həm Xankəndi Şəhər Gününə, həm də Dövlət Suverenliyi Gününə öz bədii töhfələrini veriblər.
Qeyd edək ki, bu il ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalı dövlət başçısının milli-mədəniyyət siyasətinə uyğun olaraq gənclərdə milli dəyərlərin aşılanmasına, ənənəvi sənət sahələrinin yaşadılmasına, eləcə də dövlətçilik ruhunda tərbiyəyə xidmət edir. Festival həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin inkişafı və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətin mühüm bir parçasıdır.
Globalart.az
