Fransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub
Sentyabrın 30-da Fransanın paytaxtı Parisin mərkəzi “Respublika meydanı”nda Azərbaycanın mina qurbanlarına dair açıq səma altında fotosərgi keçirilib.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası olub.
“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev deyib ki, Almaniyanın Münxen və Nürnberq şəhərlərindən sonra bu dəfə Parisdə açılan sərgi Azərbaycanın mina qurbanlarının ədalətə çağırışıdır: “İşğal dövründə Ermənistanın hərbi-siyasi liderlərinin göstərişi ilə Azərbaycan torpaqlarında bir milyondan çox mina basdırılıb. Biz dəqiq mina xəritələri tələb edirik ki, daha Qarabağda, Şərqi Zəngəzurda minaya düşənlər olmasın, bu şəkillərdəki iztirablar bir də yaşanmasın”.
Sərgidəki fotoların hər biri xüsusi seçilib, bu təsvirlər Azərbaycanın mina probleminin miqyasını, dərin yaralarını dərk etməyə çağırır.
“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər ölkələrində də davam etdirməyi planlaşdırır.
Globalart.az

