Türkiyə Prezidenti gələcək nəsillərə daha güclü Türk dünyası miras qoymağa çağırıb
Türkiyə ortaq türk əlifbasının yaradılması istiqamətində ilk addımı atıb. Yazıçı Çingiz Aytmatov haqqında kitab, eləcə də “Oğuznamə” toplusu artıq ölkəmizdə ortaq əlifba ilə çapa hazırdır.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, kitabların ilk nüsxələri Qəbələdə keçiriləcək TDT Zirvə Görüşü iştirakçılarına paylanacaq.
Prezident Ərdoğan bildirib ki, TDT ölkələri öz elmi və texnoloji inkişaflarında layiqli yer tuta biləcək və bunu əldə etmək yalnız sıx əməkdaşlıqla mümkündür. “Bu gün biz bir daha nümayiş etdiririk ki, həmrəylik, qarşılıqlı hörmət, qardaşlıq ruhunda irəliləyən türk dövlətləri öz gələcəyinə inamlıdır. Bizim övladlarımıza miras olaraq daha güclü Türk dünyasını buraxmaq üçün hər cür imkanımız var”.
Globalart.az

