Ölkəmiz Lüksemburqda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının tədbirlərində təmsil olunub
Lüksemburq şəhərində Kompendium Assosiasiyasının 8-cı Baş Assambleyası, Kompendium Ekspertlərinin Assambleyası və Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı keçirilib.
Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası və Lüksemburq Böyük Hersoqluğunun Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunmuş tədbirdə (16-17 oktyabr) Mədəniyyət Nazirliyi Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının ölkəmiz üzrə eksperti Yaşar Hüseynli və kompendium layihəsinin 1999–2005-ci illərdə Azərbaycan üzrə ilk eksperti, UNESCO-nun Beynəlxalq Musiqi Şurası Azərbaycan bölməsinin sədri Nigar Axundova iştirak ediblər.
Təbirdə Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2024–2025-ci illər üzrə fəaliyyət və maliyyə hesabatları, assosiasiyanın təşkilati və daxili məsələləri, perspektivləri, milli məruzələrin davamlılığı da müzakirə edilib. Ekspertlər tərəfindən mədəniyyət siyasətinin mövcud vəziyyətinə dair rəy və təkliflər səsləndirilib, əlaqəli tədqiqatların nəticələri təqdim olunub.
Tədbir çərçivəsində Nigar Axundova tərəfindən isə Bakı Müasir Musiqi Cəmiyyəti ilə bağlı təqdimat edilib.
Globalart.az
