Xəzər İbrahim: Vaşinqton sazişi hər kəs üçün əla fürsət yaradır
Vaşinqtonda avqustda imzalanmış saziş tayı-bərabəri olmayan sıçrayışdır, tarixidir və hər kəs üçün əla fürsət yaradır.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib. Diplomat bildirib ki, Azərbaycan ondan mümkün qədər istifadə edəcək və irəli aparacaq.
“Azərbaycan Prezidenti ABŞ-a ölkə ərazisindən istənilən tranzitə icazə verib. Düşünürəm ki, Ermənistanın baş naziri Paşinyan da bunu yüksək qiymətləndirib və yəqin ki, bununla bağlı müəyyən qarşılıqlı fəaliyyətlər olacaq. 90-cı illərin əvvəllərində müzakirələrimizdə o mesajı verməyə çalışırdıq ki, birlikdə hərəkət etsək, bu, hamımıza fayda verər. Amma bu baş vermədi. Yalnız indi gerçəkləşdi. Azərbaycan ABŞ-ın və bəzi digər tərəfdaşların böyük dəstəyi ilə iki ölkənin bir yerdə olmasına nail oldu”, – deyə səfir əlavə edib.
Globalart.az
