ABB Bank beynəlxalq SIBOS 2025 konfransında təmsil olunur
29 sentyabr tarixində Almaniyanın Frankfurt şəhərində start götürən SIBOS 2025 beynəlxalq maliyyə konfransında ABB Bank da iştirak edir. Bu ilki tədbirin əsas mövzusu “Qlobal maliyyənin yeni üfüqləri” oldu.
ABB Bank tədbirdə öz stendi ilə təmsil olunur və konfrans çərçivəsində Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti bir sıra mühüm görüşlər keçirəcək. Görüşlərdə Citibank, JP Morgan, BNY Mellon, Commerzbank, Raiffeisen Bank, Intesa Sanpaolo, ABN AMRO və digər nüfuzlu bankların nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunacaq.
ABB nümayəndələri həmçinin süni intellekt, maliyyə texnologiyaları, data analitikası və inklüzivlik mövzusunda sessiyalarda iştirak edərək, qabaqcıl beynəlxalq təcrübələri öyrənməyi hədəfləyir.
Abbas İbrahimov bildirib ki, “SIBOS — dünyanın aparıcı bank və texnologiya şirkətlərini bir araya gətirən nadir platformadır. Bu tədbirdə iştirak ABB üçün yeni əməkdaşlıq imkanları və texnoloji trendlərlə yaxından tanışlıq üçün əla fürsətdir.”
Qeyd edək ki, konfransın təşkilatçısı SWIFT beynəlxalq maliyyə telekommunikasiya təşkilatıdır. SIBOS 2025 tədbiri 2 oktyabra qədər davam edəcək.
Globalart.az
