ABŞ-də vəfat etdi, Bakıda dəfn olundu: Çingiz Sadıxov
Azərbaycan fortepiano sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Çingiz Sadıqov bütün yaradıcılığı boyu musiqini qəlblərə toxunan bir dilə çevirə bilmiş nadir sənətkarlardandır.
Sehirli barmaqlarından süzülən hər bir melodiya Azərbaycan mədəniyyət xəzinəsinin dəyərli incisi idi. Onun ifaları təkcə dinlənilmirdi – hiss edilirdi, yaşanırdı. Uzun illər Amerika Birləşmiş Ştatlarında yaşamasına baxmayaraq, Çingiz Sadıqov harada olursa-olsun, Azərbaycan musiqisini ləyaqətlə təmsil edib, onu dünya səhnələrində sevdirib.
Globalart.az bildirir ki, 1929-cu il aprelin 5-də Şuşada dünyaya gələn Çingiz Hacı oğlu Sadıqov ilk musiqi təhsilini Bakıda – indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbində alıb. Daha sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsində, ardınca Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsilini davam etdirib. Bu möhkəm akademik baza onun gələcək sənət yolunun əsasını təşkil edib.
Maestro uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri kimi fəaliyyət göstərib. Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar kimi vokal sənətimizin korifeylərini müşayiət etməsi onun sənətkar məsuliyyətinin və yüksək peşəkarlığının bariz nümunəsidir. 1959-cu ildə Əməkdar artist, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülən Çingiz Sadıqov 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.
1994-cü ildən etibarən ABŞ-da yaşayan sənətkar Amerika və Kanada konsert salonlarında dəfələrlə çıxış edib, milli musiqimizi böyük sevgi və məsuliyyətlə təbliğ edib. Onu yaxından tanıyanlar Çingiz müəllimi təkcə böyük pianoçu kimi deyil, həm də sadə, mədəni, yüksək yumor hissinə malik bir insan kimi xatırlayırlar.
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıqov 2017-ci il dekabrın 30-da ABŞ-da vəfat etsə də Bakıda dəfn olunub.
Qəlblərə hopan ifaları ilə o, sevdiklərinin və Azərbaycan musiqisini sevən hər kəsin yaddaşında əbədi qalacaq.