Afrika sənəti yenidən dəb oldu
Afrika minillərin yaddaşını daşıyan torpaq… Burada sənət yalnız estetik ifadə deyil, həm də bir qitənin kimliyini gələcəyə daşıyan nəfəsdir. Köklü mirasın müasirliklə qovuşduğu bu böyük coğrafiyada sənət, həm ruhu oyadır, həm də xalqların iqtisadi dirçəlişinə təkan verir.

Globalart.az bildirir ki, qitənin şəhərləri son illərdə bir-birinin ardınca sənət meydanına çevrilir. Açıq hava sərgiləri, yerli ustaların əl işləri bazarları, beynəlxalq biennallar – hamısı Afrikanın yaradıcı ruhunu dünyaya göstərən pəncərəyə dönüb. Küçə divarlarında rənglənən hekayələr isə sadəcə rəsmlər deyil; onlar tarixin xatirəsini, xalqın duyğusunu, sabaha inamını daşıyan canlı mozaikadır. Ənənəvi naxışlarla müasir ifadələrin birləşdiyi bu rəngli divarlar keçmişlə gələcək arasında görünməz körpü qurur.

Afrika əl sənətləri də bu torpağın ən dərin yaddaşını yaşadır. Oyma, toxuculuq, seramika, dəri və metal işləmələri nəsillərdən nəsillərə ötürülən irs kimi dəyər görür. Qadınların toxuduğu səbətlər, boncukdan düzələn zərgərlik nümunələri, maskalar və heykəllər bir xalqın öz kökünə bağlılığının rəmzinə çevrilib. Bu əsərlər həm yerli bazarlarda, həm də dünyanın nüfuzlu qalereyalarında Afrika sənətinin gücünü nümayiş etdirir.
Sənət artıq yalnız mədəniyyət deyil, həm də iqtisadi həyatın mühüm dayağıdır. Bir çox insanlar üçün əl işi, rəssamlıq, heykəltəraşlıq və tekstil sənəti əsas dolanışıq vasitəsinə çevrilib. Turizmin inkişafı ilə Afrikanın sənət məhsullarına olan maraq artır, yerli ustalar isə beynəlxalq sərgilərə və rəqəmsal platformalara çıxış əldə edirlər.

Gənc nəsillər də bu yaradıcı dünyanın iştirakçısına çevrilir. Sənət məktəbləri, ustad dərsləri, yaradıcılıq mərkəzləri yeni istedadların yetişməsinə şərait yaradır. Kənd icmalarında qurulan kooperativlər xüsusilə qadınlara və gənclərə iqtisadi müstəqillik qazandırır.
Bu yaradıcı dünyanın iki nümayəndəsi – əl sənətləri ustası Alpha Ciessey və gambiyalı rəssam Yougu Touray – sənətin öz həyatlarında necə bir yol açdığını bölüşürlər. Ciessey gənc yaşlarından ahşabı həkk edərək aslan, zürafə, su ayğırı fiqurları, “Mama Africa” siluetlərini yaradır. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərin ona dəstək olduğunu, bu sənətin həm ailəsinə, həm də icmasına ruzi gətirdiyini fəxrlə dilə gətirir. “Ahşabdan hər şeyi yarada bilərəm” – deyə o, sənətinə duyduğu sevgini ifadə edir.

Rəssam Yougu Touray isə yarı abstrakt, çağdaş, amma ruhən ənənəvi Afrikanın nəfəsini daşıyan əsərləri ilə tanınır. O, “Kanyalens” adlanan qadın qrupunun inanclarından ilham aldığını deyir. Onların ailəni qorumaq və böyütmək missiyası Tourayın rəsmlərində özünəməxsus ifadə tapır. Valideynlərinin əlləri ilə yaratdıqları işləri görərək böyüyən rəssam uşaq yaşlarından çəkməyə, rənglə danışmağa başlayıb. Geriyə baxanda isə bütün yolun – məktəb dəftərlərindəki kiçik rəsmlərdən, dostları ilə hazırladığı fənərlərə, sonra isə tuval, ağac və parçaya keçidə – onu bu günkü sənət zirvəsinə gətirdiyini anlayır.

Afrikada sənət təkcə bir ifadə vasitəsi deyil – xalqın yaddaşı, ruhu, sabaha inamıdır. Qitənin hər küncündə yaradıcı əllər tarixi bir daha yoğurub yeni formaya salır. Bu torpaq öz keçmişini sənətlə danışır, gələcəyini isə yenə sənətlə qurur.