ARAF-da 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Yanvarın 9-da Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev və gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Sonra federasiyanın 2025-ci il üzrə fəaliyyətlərinə dair ilin yekun hesabatı təqdim olunub, 2026-cı il üçün hədəf və planlar açıqlanıb.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə il ərzində əldə olunan nailiyyətlərə görə fərqlənmiş şəxslər və komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. “İlin ən obyektiv və peşəkar yarış hakimi” nominasiyası üzrə Zaur Tahirov, “Hakimlik sahəsində uzunmüddətli xidmətə görə” Əli Qasımov, “Cıdır yarışları üzrə ilin ən uğurlu jokeyi” Azər Əliyev, “Cıdır yarışları üzrə ilin ən yaxşı klubu və Qarabağ atı sahibi” “Buta Qolden” Atçılıq Klubu, “Cıdır yarışları üzrə ilin ən uğurlu Dilbaz atı sahibi” Adil Axundov, “Cıdır yarışları üzrə ilin ən yaxşı məşqçisi” Ramiz İbrahimov, “Cıdır yarışları üzrə ilin perspektivli gənc jokeyi” Sadiq Azayev mükafata layiq görülüblər. Eyni zamanda “Çövkən üzrə ilin ən peşəkar komandası” nominasiyası Sərhədçi Çövkən Komandasına, “Çövkən üzrə ilin ən məhsuldar oyunçusu” Rəşad Həsənova, “Çövkən üzrə ilin ən perspektivli gənc oyunçusu” isə Əhməd Abduyevə təqdim olunub.
Konkur növü üzrə “İlin ən uğurlu məşqçisi” Seyid Musayev, “İlin ən yaxşı idmançısı” Rahib İsmayılov, “İlin ən uğurlu klubu” isə “Gilan” Atçılıq İdman Klubu seçiliblər. Regionlarda yorğa atçılığının inkişafına verdiyi töhfəyə görə Elman Allahverdiyev, “Yorğa atçılığı üzrə ilin ən yaxşı çaparı” nominasiyası üzrə Xəlil Allahverdiyev, “Yorğa atçılığı üzrə ilin ən uğurlu at sahibi” nominasiyası üzrə isə İsfəndiyar Rəhimov təltif ediliblər.
Bundan başqa, “Dresaj üzrə ilin ən yaxşı idmançısı” Aydın Əlibəyov, “İlin ən fəal baytar həkimi” Məhəmməd Musayev, “İlin ən fəal atçılıq media tərəfdaşı” İdman TV, “İlin şərhçisi” Fikrət Adıgözəlov mükafatlandırılıblar. “Beynəlxalq arenada uğurlu çıxışlara görə” nominasiyası Sərhədçi Süvari Dəstəsinə, “Beynəlxalq arenada ilin ən uğurlu süvarisi” Orxan Cəfərova, “Beynəlxalq arenada ilin ən uğurlu xanım süvarisi” isə Elvina Valeşevaya təqdim olunub.
“Atçılıq idmanının təbliğində fəal iştirakına görə” nominasiyası Xəyalə Hüseynliyə, “Atçılıq idmanının rəqəmsal platformalarda təşviqinə töhfə” nominasiyası isə Sirac Bəyəlizadəyə verilib.
Globalart.az