Ayasofya: Dünya memarlığının şah əsərlərindən
Ayasofya dünya memarlıq tarixinin bu günədək qorunub saxlanılmış ən möhtəşəm abidələrindən biridir. Memarlığı, əzəməti və tarixi əhəmiyyəti ilə xüsusi yer tutur.
Globalart.az bildirir ki, Ayasofya Şərqi Roma İmperatorluğunun İstanbulda tikdiyi ən böyük kilsə olub eyni məkanda üç dəfə inşa edilmişdir. İlk tikili 360-cı ildə imperator Konstantios tərəfindən inşa edilmiş, 404-cü ildə xalq üsyanı zamanı dağıdılmışdır. İkinci kilsə 415-ci ildə imperator II Feodosi tərəfindən yenidən tikilmiş, 532-ci ildə Nika üsyanı zamanı məhv edilmişdir.
Günümüzə çatan üçüncü Ayasofya imperator I Yustinian tərəfindən 532–537-ci illərdə Miletli İsidoros və Trallesli Anthemios tərəfindən inşa edilmişdir. Bu tikili bazilikal planla mərkəzi günbəzli planın birləşdirildiyi yenilikçi memarlıq nümunəsidir. Günbəzin hündürlüyü 55,6 metrdir.
Ayasofya imperiyanın müxtəlif bölgələrindən gətirilmiş mərmərlər, sütunlar və qızıl fonlu mozaiklərlə bəzədilmişdir. Bizans dövründə imperatorların tacqoyma mərasimləri burada keçirilmişdir.
1204-cü ildə IV Xaçlı yürüşü zamanı Ayasofya talan edilmişdir. 1453-cü ildə İstanbulun fəthindən sonra Fatih Sultan Mehmed tərəfindən məscidə çevrilmiş, Osmanlı dövründə minarələr və digər dini əlavələr edilmişdir. Mimar Sinanın tikdirdiyi minarələr binanın möhkəmləndirilməsində mühüm rol oynamışdır.
1935-ci ildə Mustafa Kamal Atatürkün qərarı ilə Ayasofya muzeyə çevrilmişdir.
İstinad: https://www.fatih.gov.tr/dunya-mimarlik-tarihinin-onemli-anitlarindan-ayasofya
