Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert
Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı konsert keçirilib. Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, konsertdən əvvəl çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Üzeyir Hacıbəylinin yaradıcılığının xalqımızın mədəni yaddaşındakı mühüm yerindən danışaraq qeyd edib ki, dahi bəstəkarın əsərləri bu gün də böyük sevgi və ehtiramla ifa olunur və dinlənilir.
Rafael Hüseynov vurğulayıb ki, Azərbaycan xalqının iki böyük şəxsiyyəti – Üzeyir Hacıbəyli və Müslüm Maqomayev – onilliklərdir xalqımızın qəlbində əbədi yaşayır. XX əsrin əvvəllərindən etibarən bu sənətkarlar milli musiqimizin və mənəvi dəyərlərimizin inkişafı yolunda əvəzsiz xidmətlər göstərərək, Azərbaycan mədəniyyətini zənginləşdirib və onu yeni nəsillərə ötürüblər.
Daha sonra səhnəyə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxıb. Kollektivə Qazaxıstan Milli Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı, Əməkdar incəsənət xadimi Kanat Omarov rəhbərlik edib. Konsert Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operasından möhtəşəm uvertüra ilə açılıb. Ardınca Türkmənistan, Qırğızıstan, Başqırdıstan, Qazaxıstan, Tatarıstan, Türkiyə və Özbəkistandan olan sənətkarların əsərləri təqdim olunub.
Proqramın növbəti hissəsində Azərbaycan Dövlət Xor Kapellası səhnəyə çıxıb. Kollektivin bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, solist isə Əməkdar artist Ramil Qasımov olub. Gənc vokalçı Nigar Əsgərova da tamaşaçılara öz ifası ilə xoş anlar yaşadıb.
Konsertin yekununda Ramil Qasımov Müslüm Maqomayevin məşhur “Radio marşı”nı səsləndirib. Bu əsərin sözləri akademik Rafael Hüseynova məxsusdur.
Globalart.az
