Azərbaycan icmasının üzvləri “Route du Vin” marafonunda iştirak ediblər
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyinin dəstəyi, eləcə də LuxAz – Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan icmasından olan 27 nəfər, o cümlədən 6 uşaq, 1962-ci ildən etibarən hər il keçirilən ənənəvi “Route du Vin” marafonunda iştirak edib.
Remix kommunasında baş tutan marafonda Azərbaycan icmasının nümayəndələri ölkəmizi uğurla təmsil ediblər. Bu tədbir peşəkar idmançılardan tutmuş yeni başlayan həvəskarlara qədər müxtəlif səviyyədə iştirakçıları bir araya gətirir. Hər il bu yarımmarafona ən azı 2500 nəfər qatılaraq, 21,098 kilometrlik məsafəni qət edir.
Marafon iştirakçılara yalnız fiziki imkanlarını sınaqdan keçirmək üçün bir fürsət deyil, həm də dostluq, birlik və həmrəylik dəyərlərinin gücləndirilməsi baxımından önəmli platformadır.
Globalart.az

