Azərbaycan Mərakeşdə təmsil olunur
Mərakeşin Tancə şəhərində “Parçalanma və qütbləşmə: qlobal tarazlığın yenidən qurulması” mövzusunda 17-ci beynəlxalq MEDays forumu işinə başlayacaq. Tədbir Mərakeş Kralının himayəsi altında keçirilir.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, noyabrın 29-dək davam edəcək forumda Azərbaycanla yanaşı, dünyanın 120-dən çox ölkəsindən 7 minədək nümayəndə iştirak edəcək. Tədbir çərçivəsində keçiriləcək panel iclaslarında 300-dən çox yüksəksəviyyəli qonağın çıxış edəcəyi gözlənilir. Çıxışçılar arasında dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər var.
“Cənub forumu” kimi tanınan tədbir qeyri-müəyyənliyin hökm sürdüyü dünyada mühüm beynəlxalq platformadır. Forumun əsas hədəfi bu sahədə təkliflər irəli sürmək, Qlobal Cənubun səsini çatdırmaq, beynəlxalq müstəvidə güc dinamikalarının yenidən tərif edilməsinə və ideyaların reallaşmasına töhfə verməkdir.
MEDays forumu çərçivəsində 50-yə yaxın panel iclası planlaşdırılır. Bundan başqa, forumun birinci günündə MEDays İnvestisiya Sammiti də keçiriləcək.
Globalart.az