Azərbaycan stendi Lüksemburqda
Diasporla İş üzrə Dövlət Komitəsi və Belçikadakı səfirliyimizin dəstəyi ilə Lüksemburqda keçirilən “Lüksemburq beynəlxalq bazarı”nda Azərbaycan stendi “LuxAz” Azərbaycan Lüksemburq Dostluq Assosiasiyası tərəfindən uğurla təqdim edilib. Stendimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıbdır.
Globalart.az xəbər verir ki, Azərbaycan 15 ildir ardıcıl olaraq bu nüfuzlu xeyriyyə yarmarkasında təmsil olunur və ölkəmizin mədəni irsinin, kulinariyasının və milli dəyərlərinin tanıdılmasına mühüm töhfə verir.
Ümumilikdə 40 minə yaxın ziyarətçinin qatıldığı, 63 stendin iştirak etdiyi tədbirdə Lüksemburqun xarici işlər naziri Xavier Bettel Azərbaycan stendini ziyarət edib. Lüksemburqun xarici işlət nazirinə Azərbaycan məhsulları təqdim edilib və ona mədəniyyətimiz, Azərbaycan diasporunun fəaliyyəti haqqında ətraflı məlumat verilibdir.
Builki tədbiri əlamətdar edən məqamlardan biri də Azərbaycan stendinin rəhbəri Seymur Əhmədovun bu ildən etibarən ilk dəfə olaraq Beynəlxalq Bazarın Təşkilat Komitəsinin İdarə Heyətinə üzv seçilməsi olub. Bu da öz növbəsində əvvəlki illərdən fərqli olaraq Azərbaycan təmsilçiliyinin təşkilati səviyyədə daha da güclənməsinə səbəb olub.
Azərbaycan stendinin uğurlu təşkilində dövlət qurumları ilə yanaşı “Silkway Kargo”, “Savalan”, “Ravira”, “AzGranata”, “Zira Naturals” və “Azersun Holding” kimi şirkətlərin də dəstəyi xüsusi rol oynayıb.
Globalart..az