Azərbaycan Ukraynanın etnomədəni festivalında təmsil olunub
Moldovanın paytaxtı Kişineuda, Stefan Çel Mare adına mərkəzi parkda “Müxtəliflik vasitəsilə birlik” adlı ənənəvi Etnomədəni Festival keçirilib. Globalart.az “AZERTAC”a istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Moldova Azərbaycanlıları Konqresi təmsil edib. Azərbaycan guşəsində zəngin milli irsimizi əks etdirən xalçalar, ənənəvi məişət və bəzək əşyaları, milli mətbəximizə aid ləziz nümunələr nümayiş olunub. Bununla yanaşı, Moldova–Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi də ziyarətçilərin marağına səbəb olub.
Festival iştirakçıları sırasında Moldova Prezidenti Maya Sandu, Millətlərarası Münasibətlər Bürosunun baş direktoru Vyeçaslav Ryabçinski, həmçinin Kişineu merinin səlahiyyətlərini icra edən İlie Çeban da Azərbaycan guşəsini ziyarət ediblər. Onlara diasporumuzun fəaliyyəti, sərgilənən eksponatlar və mədəni irsimiz haqqında ətraflı məlumat verilib.
Tədbirdə “Xarı Bülbül” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdiyi milli rəqslər isə tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, hər il sentyabrın üçüncü bazar günü keçirilən bu festival müxtəlif xalqların və etnik qrupların milli mədəniyyətini, adət-ənənələrini, musiqi və rəqslərini, mətbəx və sənətkarlıq nümunələrini bir araya gətirərək ictimaiyyətə təqdim edir.
Globalart.az
