Azərbaycanda hüquq mədəniyyətinin və təhsilinin inkişafına töhfə
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından bu gün yeni, geniş əhatəli hüquq kitabını ictimaiyyətə təqdim edib. Bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin müəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha da genişləndirməkdir.
Globalart.az “BP”yə istinadən xəbər verir ki, “Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyin mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir. Nəzəri, tarixi və praktiki yanaşmaları bir araya gətirən bu kitab daha məlumatlı hüquq icmasının formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin hazırlanmasına töhfə verməyi hədəfləyir.
Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri, hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.
528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət sahəsi, həm də vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhlil edilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləri ətraflı əhatə olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilir və nəzəri əsasları ayrıca bir tədqiqat sahəsi kimi müzakirə olunur. Müqayisəli bölmələrdə xarici ölkələrdə vəkilliyin təşkili təhlil olunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını təşkil edən beynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasda fəaliyyətini istiqamətləndirən normalar izah edilir.
Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik peşəsinin strukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquq məsləhətinin bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqi dəstəyin normativləri və çətinlikləri, vəkillərin hüquq və vəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərin hüquqi statusu ətraflı şəkildə təqdim olunur.
Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilin və bacarıqların gücləndirilməsinə yönəlmiş səylərə dəstək öhdəliyinin bir hissəsidir.
Layihənin ümumi dəyəri 80 200 AZN (47 176 ABŞ dolları) təşkil edib – bura kitabın hazırlanması və nəşri xərcləri daxildir.
Layihə “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunub.
Globalart.az