Azərbaycanın ilk qadın qəzeti
Bir “İşıq” yandı...Qadınlara seçmək və seçilmək hüququ verildi
“İşıq” qəzetinin nəşrə başlaması təkcə Azərbaycanın deyil, bütövlükdə Şərq dünyasının mətbuat tarixində mühüm hadisə idi. Bu qəzet, əslində, qadınların səsini ilk dəfə ictimaiyyətə çatdıran, onların düşüncələrinə və arzularına işıq salan bir mətbuat orqanı idi. Ümumilikdə 47 nömrəsi işıq üzü gördü.
Globalart.az bildirir ki, Azərbaycanın ilk qadın qəzetinin yaranmasında Hacı Zeynəlabdin Tağıyevin böyük rolu olmuş, onun həyat yoldaşı Sona xanım məhsul katibi, Xədicə xanım Əlibəyova baş redaktor, Mustafa bəy Əlibəyov isə naşir kimi fəaliyyət göstərmişdi. Xədicə xanım öz həmşirələrinə “yazın, danışın, susmayın” deyə səslənir, onları maarifə və öz haqlarını tanımağa çağırırdı.
İlk gündən qadın təhsili, azadlığı və hüquqlarının müdafiəsinə yönəlmiş bir tribuna idi. Qəzetin səhifələrində Azərbaycanın müxtəlif bölgələrindən yazan qadın imzalarına rast gəlmək mümkün idi.
Lakin maddi çətinliklər və məzmun çatışmazlığı üzündən “İşıq” uzunömürlü ola bilmədi. Buna baxmayaraq, onun yaydığı ideyalar bir neçə il sonra Azərbaycan Xalq Cümhuriyyətinin qadın azadlığı istiqamətində atdığı addımların təməlini qoydu. 1918-ci ildə İstiqlal Bəyannaməsi ilə qadınlara seçmək və seçilmək hüququ verilməsi, “İşıq”ın başlatdığı mübarizənin davamı idi.
Globalart.az
