Bakı 2026-cı ildə SportAccord Konvensiyasına ev sahibliyi edəcək
Mayın 24-dən 28-dək Bakı dünyanın ən nüfuzlu idman tədbirlərindən biri olan “SportAccord” Konvensiyasına ev sahibliyi edəcək. Hazırda Konvensiya üçün “Early Bird” (erkən qeydiyyat) mərhələsi davam edir.
Globalart.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, SportAccord beynəlxalq idman federasiyalarını həm Olimpiya, həm də qeyri-Olimpiya qurumlarını birləşdirən yeganə qlobal çətir təşkilatdır. Hər il keçirilən SportAccord Konvensiyası qlobal idman elitasını beynəlxalq federasiyaların rəhbərlərini, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini, aparıcı yayımçıları və texnologiya şirkətlərini bir araya gətirən əsas beynəlxalq platformadır.
Bakıda keçiriləcək Konvensiya ən müasir və nüfuzlu məkanlarda – Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində təşkil ediləcək. Qafqazın ən böyük konqres mərkəzi olan Bakı Konqres Mərkəzi iştirakçılara elit peşəkar mühit, beynəlxalq şəbəkələşmə (networking) və sərgi imkanları təqdim edəcək.
Erkən qeydiyyat mərhələsi “Early Bird” yanvarın 31-dək davam edəcək. Bu mərhələdə qeydiyyatdan keçən iştirakçılar Konvensiyada iştirak üçün xüsusi endirimli şərtlərdən yararlana bilərlər. Eyni zamanda, yerli şirkətlər və təşkilatlar üçün tərəfdaşlıq və sərgi imkanları mövcuddur.
Globalart.az