Bakıda 8-ci türk film günləri keçiriləcək
Sentyabrın 26-dan 30-dək Bakıda 8-ci Türkiyə–Azərbaycan türk film günləri keçiriləcək.
Globalart.az “AZƏRTAC” istinadən xəbər verir ki, tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan ediləcək.
Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam” ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar, qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolu oynadığı məşhur “Gəlin” filmi nümayiş olunacaq.
Gala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılacaq. Həmçinin **“Rafadan Tayfa”**nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşəcək.
Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafiya Agentliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələri möhkəmləndirməkdir.
Globalart.az
