Bakıda Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin görüşü olub
Bakıda Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib.
Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.
Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.
Görüş zamanı, həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.
Globalart.az

