Beynəlxalq Muğam Mərkəzi necə quruldu?
2008-ci il dekabrın 27-də fəaliyyətə başlayan Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamının qorunması, inkişafı və dünyada tanıdılması istiqamətində mühüm mədəniyyət ocağına çevrilib. Azərbaycan xalqının genetik yaddaşı, milli-mənəvi irsinin incisi sayılan muğam bu mərkəzdə nəsildən-nəslə ötürülərək yaşadılır və yeni zirvələr fəth edir.
Globalart.az bildirir ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır. Həmən ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun keçmiş baş direktoru Koiçiro Matsuuranın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Fondun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir.
Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Ən müasir texnologiyadan istifadə edilməklə tikilən bina üçün lazımı avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. Bu mərkəz Dənizkənarı Milli Parkın günbəgün gözəlləşən gözəlliyinə xüsusi rəng qatmaqdadır.
2008-ci ilin dekabrın 27-də Bakıda Dənizkənarı Milli Parkda Azərbaycan Respublikası Prezidentinin və birinci xanımın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.
Fəaliyyətə başladığı ilk gündən bu möhtəşəm binada muğama həsr olunmuş olduqca maraqlı konsertlər, festivallar, yüksək səviyyəli gecələr keçirilməyə başlanılmışdır.
Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsində görkəmli muğam ustadlarının büstləri qoyulmuşdur. Ölməz korifeylərimiz – Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Yaqub Məmmədov, Rübabə Muradovaya tarzənlər Mirzə Sadıq Sadıqcan, Qurban Pirimov, Hacı Məmmədov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və başqalarının buradakı büstləri hər bir ziyarətçiyə muğamlarımızın ölməz simaları haqqında çox mətləblər anladır. Bəlkə də vaxt gələcək bu gün Azərbaycan muğamının canlı klassiklərinə çevrilmiş bir çox sevimli xanəndələrimizin də burada büstləri ucaldılacaqdır.
Bu gün Azərbaycan muğamı dünyanı fəth etməkdədir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə təşkil edilən Beynəlxalq muğam festivallında iştirak etmək istəyən ölkələrin coğrafiyası ildən-ilə genişlənir. Bu gün Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Tar alətinin hissələrini xatırladan orijinal memarlıq üslubuna malik bina ən müasir texnologiyalarla inşa edilib. Üç mərtəbəli Mərkəzdə 350 yerlik konsert salonu, dərs otaqları, səsyazma studiyası, klub və “Ud” restoranı fəaliyyət göstərir.
Beynəlxalq Muğam Mərkəzi milli musiqi irsimizin təbliği və gələcək nəsillərə ötürülməsi yolunda öz missiyasını uğurla davam etdirir.

Globalart.az