Beynəlxalq “Seeds for the Future 2025” proqramı
BMU tələbəsi Leyla Məmmədli “Huawei”nin beynəlxalq proqramında iştirak edib
Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter elmləri ixtisası üzrə IV kurs tələbəsi Leyla Məmmədli “Huawei” şirkətinin beynəlxalq “Seeds for the Future 2025” proqramında iştirak edib. Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, o, seçilmiş 10 iştirakçıdan biri kimi Azərbaycanı təmsil etmək hüququ qazanaraq Çinin Donqguan və Şençjen şəhərlərində keçirilən proqramda yer alıb.
Layihədə ümumilikdə 13 ölkədən tələbələr iştirak ediblər. Proqram çərçivəsində gənclər 5G, süni intellekt və bulud texnologiyaları mövzularında təlimlərdə iştirak edib, “Huawei”nin baş ofisini və qabaqcıl müəssisələrini ziyarət ediblər.
Tədbirin “Mədəniyyət Günü” bölməsində BMU tələbəsi Leyla Məmmədli “Çırpınırdı Qara dəniz” mahnısını ifa edərək Azərbaycan mədəniyyətini təqdim edib. Mərasimdə ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov da iştirak edib.
Qeyd edək ki, proqrama start verilməzdən əvvəl Azərbaycanı təmsil edən tələbələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. Görüşdə “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Lin və nazir müavini Samir Məmmədov da iştirak ediblər. Samir Məmmədov proqramın tələbələrin texniki bilik və bacarıqlarını artırmaq üçün geniş imkanlar yaratdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Globalart.az