Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib
Bakıda “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib. Globalart.az-ın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən yaydığı xəbərə görə, Prezident İlham Əliyevin himayəsi ilə təşkil olunan Forum (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) öz işinə start verib.
Açılış mərasimində dövlət başçısının Forum iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi Şahmar Mövsümov təqdim edib.
Forum İqtisadiyyat Nazirliyi və AZPROMO-nun təşkilatçılığı, “The European House – Ambrosetti” (TEHA) beyin mərkəzinin strateji tərəfdaşlığı, “Euronews”un media, “Sea Breeze” turizm zonasının isə təşkilati dəstəyi ilə keçirilir və iki gün davam edəcək. Tədbirin əsas məqsədi Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub qovşağındakı mühüm rolunu nümayiş etdirmək, region ölkələri ilə konkret layihələr üzrə əməkdaşlığı genişləndirmək, qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq mexanizmlərini təkmilləşdirmək, həmçinin Azərbaycanın dayanıqlı iqtisadiyyatı, əlverişli biznes mühiti, investisiya imkanları və nəqliyyat-logistika üstünlüklərini daha geniş auditoriyaya tanıtmaqdır.
Forumda 1000-ə yaxın iştirakçı – müxtəlif ölkələrdən yüksək vəzifəli rəsmilər, beynəlxalq şirkətlərin və maliyyə qurumlarının rəhbərləri, beyin mərkəzlərinin nümayəndələri, iş adamları, investorlar və media təmsilçiləri iştirak edir.
Birinci gün plenar iclas və panel sessiyaları regionların inteqrasiyası, tranzit imkanları, enerji, infrastruktur, innovasiya, “yaşıl” enerji, daşınmaz əmlak, şəhərsalma və dayanıqlı inkişaf mövzularına həsr olunub. İkinci gün isə dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq, rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq sənayesi, sənayeləşmə, KOB-ların inkişafı, “yaşıl” keçid və digər istiqamətlər müzakirə ediləcək. Paralel olaraq sərgilər və tematik müzakirələr də təşkil olunub.
Açılışda “The European House – Ambrosetti”nin idarəedici partnyoru Valerio De Molli çıxış edərək yeni geostrateji reallıqlar fonunda əməkdaşlıq formatlarının aktuallığını vurğulayıb və beyin mərkəzinin 100-dən çox ölkədə həyata keçirdiyi strateji araşdırmalar barədə məlumat verib. O, Forumun ideya mübadiləsi və uzunmüddətli investisiya baxışlarının formalaşmasında mühüm platforma olduğunu qeyd edib.
“Sea Breeze” turizm zonasının təsisçisi və rəhbəri Emin Ağalarov da çıxış edərək tədbirin beynəlxalq əməkdaşlıq və yeni tərəfdaşlıqlar üçün mühüm imkan yaratdığını bildirib və Forumun “Sea Breeze”də keçirilməsinin böyük məmnunluq doğurduğunu vurğulayıb.
Moderatorluğu “Euronews”un Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə baş redaktoru Ceyn Vizerspunun etdiyi açılış mərasimində iştirakçılara Azərbaycanın iqtisadi inkişafı və investisiya potensialını əks etdirən videoçarx təqdim olunub.
Globalart.az
