bp Şəfəq günəş enerjisi layihəsinin 10% iştirak payını satdı
Dünən bp “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətinin 10% iştirak payının “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını elan edib. Bununla bp-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.
Globalart.az “BP”yə istinadən xəbər verir ki, beləliklə, Şəfəq günəş enerjisi layihəsində paylar indi belədir: bp 40.01%, “SOCAR Green” 39.99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.
Şəfəq günəş enerjisi layihəsi ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib – layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir – işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
Globalart.az