Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür
Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Zəlimxan Yaqub son əsrdə xalq şeiri, klassik düşüncə tərzi, təsəvvüf fəlsəfəsi ilə müasirliyi birləşdirən poetik yolun yolçusu kimi ədəbiyyat tariximizdə mühüm yer tutur. Onun poetik ruhu təsəvvüf işığında durulaşaraq tamamilə orijinal forma və məzmunda çağdaşlığa yeni rəng qatıb. Yaradıcılığında həm də türkçülük, islami dəyərlər və irfan işığı dərin kök salıb. Şairin lirik qəhrəmanlarının düşüncəsində vətəndaşlıq, xalqçılıq motivləri başlıca yer tutub. Bu cəhətdən onun yaradıcılığı Azərbaycan romantiklərinin yaradıcılığı ilə yaxından səsləşir.
Zəlimxan Yaqub ilk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində “bir qurtum su”, “bir ovuc torpaq”, “bir əlçim bulud”, “bir əsim meh”, “bir çaxım şimşək”, “al-əlvan çöllər”, “bərəkətli tarlalar” və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.
Çağdaş Azərbaycan poeziyasında özünəməxsus yeri, poetik nəfəsi olan Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
Globalart.az