• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Cənab Səfir Edvard Hobart: «İncəsənət diplomatiyanın körpüsünə çevrilir.»

Sentyabr 26, 2025
A A

24 sentyabr tarixində Heriot-Watt Universiteti Dubay kampusunda universitet tələbələri üçün biznes, maliyyə və liderlik bilikləri təqdim etməyi hədəfləyən onəmli “Provost Business Briefing” silsiləsinin növbəti görüşü keçirildi. Tədbir universitetin Dubay kampusunun prorektoru və vitse-prinsipalı, Dame Professor Heather McGregor tərəfindən, Biznes Cəmiyyəti ilə birgə təşkil olundu. Tələbələrin təşəbbüsü ilə fəaliyyət göstərən bu cəmiyyət artıq uğurlu layihələri ilə tanınır.

Bu dəfə tədbirin şərəfli qonağı Birləşmiş Krallığın Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Cənab Edvard Hobart idi. Diplomatiyada otuz ildən artıq təcrübəyə sahib olan Hobart, Dubay və Əbu-Dabidəki əsas diplomatik vəzifələri də daxil olmaqla, müxtəlif ölkələrdə mühüm missiyalar icra edib. Görüş zamanı Cənab Səfir tələbələrlə karyera, liderlik və qlobal münasibətlərin mürəkkəbliyində yön tapmaq barədə dəyərli fikirlərini bölüşdü.

 

 

– İlk növbədə təşəkkür edirik, Cənab Səfir! Çıxışınız çox düşündürücü idi, tələbələrə həm diplomatiya, həm də şəxsi inkişaf barədə dəyərli fikirlər verdi. Siz Oksford Universitetinin Müasir Tarix fakültəsini bitirmisiniz. Diplomatiyaya gəliş yolunuzu və hansı fənlərin sizin üçün ən mühüm olduğunu bizimlə bölüşə bilərsinizmi?

– Çox sağ olun! Universitet illərimdə bir neçə diplomatla görüşmək imkanı qazandım və onların işi dərhal mənim üçün cəlbedici oldu. Həmin görüşlər mənim yolumu müəyyənləşdirdi. Mən anladım ki, diplomatiya məni digər sahələrdən qat-qat çox maraqlandırı. Məni ən çox valeh edən şey bu peşənin inanılmaz müxtəlifliyi idi: fərqli ölkələrdə yaşamaq və işləmək, müxtəlif mədəniyyətləri tanımaq və bəzən bir post çərçivəsində belə çoxşaxəli məsuliyyətlər daşımaq imkanı.

Zaman keçdikcə mənim fəaliyyətim ənənəvi diplomatiyadan kənara çıxaraq bizneslə sıx bağlı sahələri də əhatə etdi. Xarici İşlər Nazirliyində çox zaman böyük miqyaslı layihələrə rəhbərlik etmişəm – yeni binaların inşasından tutmuş İT transformasiya proqramlarının icrasına qədər. Bu, təchizatçılarla işləməyi, insan resurslarını idarə etməyi və klassik diplomat işindən kənara çıxan daxili idarəetmə sahələrinə nəzarəti tələb edirdi. Layihə idarəçiliyi üzrə rəsmi təlimlərlə yanaşı, əsas təcrübə və öyrənmə məsuliyyət üzərimə götürməkdən gəldi. Diplomatik və menecerial bacarıqların bu sintezi mənim üçün əvəzsiz oldu.

Əminliklə deyə bilərəm ki, karyeram mənə dərin mənəvi məmnunluq verib. Biznesə dəstək olmaqda mənim üstünlüyüm geniş strateji baxışdadır: kimi təsirləndirmək lazım olduğunu bilmək, bazarın dinamikasını dərk etmək, siyasi iqtisadiyyatın qarşılıqlı təsirlərini görmək və vergi siyasəti kimi nəticələri formalaşdıracaq amilləri qabaqcadan anlamaq. Qısaca desək, məsələ böyük mənzərəni görməkdir. Makroiqtisadiyyatı siyasi baxışla birləşdirmək diplomatiyanın biznes əməkdaşlığını gücləndirməsinə imkan verir.

 

 

– Mədəniyyət və diplomatiya mövzusuna gəldikdə, incəsənəti çox vaxt diplomatiyanın ikinci dili adlandırırlar. Sizin həyatınızda və səfir fəaliyyətinizdə o hansı rol oynayır?

– Mən deyərdim ki, mədəniyyət ən geniş mənasında Birləşmiş Krallığın ən mühüm ixrac məhsullarından biridir. Bu, həm maliyyə baxımından dəyərlidir, həm də çox güclü “yumşaq güc” (soft power) alətidir. Mədəniyyəti yalnız incəsənət deyil, həm də idman və musiqi ilə birlikdə düşündükdə – məsələn, Premyer Liqa və ya Coldplay kimi musiqi qruplar vasitəsilə, onun qlobal təsirinin danılmaz olduğunu görmək mümkündür. Bu mədəni mövcudluq yalnız iqtisadi fayda gətirmir, həm də dünyanın demək olar ki, hər yerində insanların Birləşmiş Krallığı müəyyən yaradıcılıq ifadəsi ilə tanımasına səbəb olur.

Rəssamlıq və incəsənət isə diplomatiyanın xüsusilə mənalı bir hissəsi olub. Mənim ilk səfirlik təyinatım Kubada idi – o vaxt çox qapalı və məhdud bir ölkə idi. Amma bu, həm də zəngin bədii irsə sahib bir ölkə idi və məhz incəsənət vasitəsilə oradakı icmalarla əlaqə yaratmaq ən təsirli yollardan biri oldu. Bu bizə başqa cür çətin və ya həssas görünə biləcək mövzular barədə söhbətlər qurmağa imkan verdi. Amma incəsənət sayəsində bu mövzular daha əlçatan oldu.

Bu gün də mənim rəsmi iqamətgahımda Birləşmiş Krallıqla Avropa və digər beynəlxalq icmalar arasındakı mədəni bağları əks etdirən əsərlərə həsr olunmuş xüsusi bir hissə var. Bu əsərlər Avropa ilə və ya bu regionla bağlılığı olan britaniyalı rəssamların işləri, dialoq və mübadilə ruhunu təcəssüm etdirir. Bu mənada incəsənət sadəcə “dekorasiya” deyil. O, anlaşma və diplomatiyanın inkişaf edə biləcəyi bir körpüyə çevrilir.

 

– Gənclərə, tələbələrə və karyerasına və ya biznesinə yeni başlayanlara hansı məsləhətləri verərdiniz?

– Əsas məsləhətim odur ki, karyera yolunuzu ilk cəhdinizdə düzgün seçə bilməsəniz, narahat olmayın. Açıq düşüncəli olun, çevik davranın və özünüzə araşdırmaq üçün imkan verin. Mən otuz ildən artıqdır ki, diplomatiyada çalışıram, bu bir karyeradır, amma içində saysız-hesabsız müxtəliflik və fürsətlər olub. 18 yaşında və ya hətta 25 yaşında uzunmüddətli perspektivdə sizi həqiqətən nə xoşbəxt edəcəyini bilmək çox çətindir. Karyera nadir hallarda düz xətt üzrə inkişaf edir, bircə “doğru” yol yoxdur.

Bundan başqa, əlavə edərdim ki, məsələ yalnız pulla bağlı deyil. Əlbəttə, özünüzü təmin etmək və ailənizə baxmaq vacibdir, bu məsuliyyət əsasdır. Amma bundan kənarda gördüyünüz işin sizə mənəvi məmnunluq və məqsəd hissi verməsi də lazımdır. Həqiqi uğur yalnız maliyyə göstəriciləri ilə ölçülmür, həm də işinizin sizi motivasiya edib-etməməsi ilə müəyyən olunur.

Tövsiyəm budur: maraqlanın, fürsətləri dəyərləndirin və yolunuz dəyişsə belə qorxmayın.

– Çox sağ olun!

 

Müsahibəni apardı: Cəmalə Naxçıvani, Global Art Magazine-in baş redaktoru

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.