I Azərbaycan–Birləşmiş Krallıq Siyasət Dialoquna start verilib
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşəbbüsü ilə I Azərbaycan–Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi keçirilib.
Globalart.az xəbər verir ki, tədbir Britaniya-Azərbaycan Ticarət Palatası və “BP” şirkətinin tərəfdaşlığı ilə təşkil olunub. Dialoqa parlament üzvləri, hökumət rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları, media nümayəndələri və müstəqil ekspertlər də daxil olmaqla 50-dən çox iştirakçı qatılıb.
İki gün davam edəcək dialoq çərçivəsində dəyişən qlobal reallıqlar fonunda Azərbaycan–Birləşmiş Krallıq ikitərəfli münasibətləri, strateji tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq imkanları, xarici siyasət prioritetləri, enerji sahəsində əməkdaşlıq, həmçinin təhsil, elm və innovasiya vasitəsilə ictimai diplomatiyanın inkişafı məsələləri müzakirə olunacaq.
Tədbirin əsas məqsədi regional və beynəlxalq çağırışların həlli istiqamətində qarşılıqlı anlayışı dərinləşdirmək və praktiki əməkdaşlığa təkan verməkdir.
Globalart.az
