“İKT Karyera Sərgisi” keçirilib
Noyabrın 29-da Bakıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbə və məzunları, həmçinin İRİA-nın təhsil layihələrinin məzunları üçün “İKT Karyera Sərgisi” keçirilib.
Globalart.az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən İRİA-nın İdarə Heyətinin sədr müavini Rəşad Xalıqov sözügedən layihənin əhəmiyyəti, onun ölkənin İKT sektoruna verəcəyi töhfələrdən bəhs edib. O, həmçinin gənc istedadların kəşfi və onların əmək bazarına inteqrasiyasında Agentliyin təşkil etdiyi təhsil layihələrinin rolunu vurğulayıb.
“Sərgidə 900-dən çox gənc iştirak edir, onlar ölkənin informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 20 aparıcı dövlət və özəl qurumun nümayəndələri ilə görüş imkanı əldə ediblər. Bu, gənclərin bu sahəyə yüksək marağının göstəricisidir”, – deyə Rəşad Xalıqov əlavə edib.
Daha sonra Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov və “Bayraktar Teknoloji Azərbaycan”ın baş texnologiya direktoru Onur Ocak sərginin gənclərin peşəkar inkişafı üçün təqdim etdiyi imkanlar barədə fikirlərini bölüşüblər.
Tədbir “Rəqəmsal Azərbaycan: Gənclərin rəqəmsal transformasiyada rolu” mövzusunda panel müzakirəsi ilə davam edib. Müzakirələr zamanı ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi, gənclərin bu prosesdə iştirak imkanları və onların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi kimi mövzulara toxunulub.
Panel müzakirəsindən sonra gənclər stendlər ilə tanış olaraq karyera imkanları barədə məlumat alıblar, fərdi sınaq müsahibələri və karyera məsləhətləri sessiyalarından faydalanıblar.
Daha sonra “Talk session” görüşləri və “TechQuiz” təşkil olunub.
Tədbir şirkətlərə təşəkkürnamələrin təqdim olunması ilə yekunlaşıb.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbə və məzunları ölkənin aparıcı IT şirkətləri ilə bir araya gətirərək, onların peşəkar inkişafına, təcrübə və məşğulluq imkanlarının genişlənməsinə dəstək göstərmək olub. Sərgi, həmçinin şirkətlərə istedadlı gəncləri tanımaq və gələcək əməkdaşlıqlar üçün yeni tərəfdaşlıq qurmaq imkanı yaradıb.
Globalart.az