İsmət Səttarov: “Media sahəsində Azərbaycanla Özbəkistan arasındakı əməkdaşlıq güclü əlaqələrin vacib bir hissəsidir”
II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində çıxış edən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov bildirib ki, media sahəsindəki əməkdaşlıq ölkələrimiz arasında möhkəm əlaqələrin əsas istiqamətlərindən biridir.
“Rəqəmsal transformasiya və media” mövzusunda keçirilən tədbirdə İ. Səttarov informasiya mübadiləsinin sadəcə xəbər ötürməkdən ibarət olmadığını, həm də xalqları bir-birinə yaxınlaşdıran mühüm vasitə olduğunu vurğulayıb.
“Audiovizual Şura olaraq biz inanırıq ki, Azərbaycan və Özbəkistan media qurumları arasında qurulan sıx əməkdaşlıq informasiya mühitimizin sağlam, obyektiv və peşəkar inkişafına mühüm töhfə verəcək. Xüsusən bugünkü dövrdə – rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media dayanıqlılığı məsələlərinin ön plana çıxdığı bir vaxtda, ölkələrimizin bu sahədə birgə fəaliyyət göstərməsi olduqca əhəmiyyətlidir.
Birgə layihələr, informasiya mübadiləsi, yeni texnoloji trendlərin tətbiqi və peşəkar jurnalistlərimizin təcrübə mübadiləsi qarşılıqlı inkişafımıza xidmət edəcək”, – deyə İ.Səttarov əlavə edib.
Globalart.az
