Kortizolun yerinə serotonin: bütün problemlərin həlli ola biləcək vərdiş
Kiçik vərdişlər böyük dəyişikliklər yaradır. Şəxsi inkişaf üzrə mütəxəssis Mel Robbinsin podkastında dediyi kimi: “Qısa bir gəzinti problemlərinizin 93%-nə kömək edə bilər.”
Bu fikir ilk baxışda şişirdilmiş kimi səslənsə də, elm də, psixologiya da bunu təsdiqləyir. Cəmi 10 dəqiqəlik bir gəzinti beyni “yenidən başladır”, duyğuları tarazlaşdırır və diqqəti yenidən vacib olan məsələlərə yönəldir. Gəzinti əhvalı qaldırır, neqativ düşüncə axınını kəsir və problemi daha sakit, balanslı vəziyyətdə görməyə imkan yaradır.
Mindfulness və neyroelm üzrə mütəxəssis Andrea Klimovitz də eyni fikirdədir: “Gəzinti bizim sahib olduğumuz ən sadə, amma ən güclü vərdişdir. Hər problemi həll etmir, amma düşüncə tərzini tamamilə dəyişir. Bədən hərəkətə keçəndə, beynin baxış bucağı da dəyişir.”

Bugünkü sürətli həyatda stres hormonu — kortizol — çox vaxt normadan artıq olur. Elmi araşdırmalar göstərir ki, açıq havada gəzinti kortizol səviyyəsini azaldır, endorfin və serotonin istehsalını artırır. Nəticə? Əsəb sistemi sakitləşir, stress azalır, əhval isə demək olar ki, dərhal yaxşılaşır.
Stanford Universitetinin tədqiqatı isə maraqlı faktı üzə çıxarıb: gəzinti yaradıcılığı 60% artırır. Qan dövranı aktivləşdikcə, düşüncə də daha sərbəst və yaradıcı olur.

Gəzintinin uzun olması vacib deyil. Robbins və Klimovitz-in fikrincə, gəzinti üçün saatlarla vaxt ayırmağa ehtiyac yoxdur. Cəmi 15–20 dəqiqə belə enerji və əhvalda fərq yaradır. İmkan varsa, 30–45 dəqiqəlik sakit tempdə gəzinti bədəni və beyni meditativ ritmə salır. Əsas olan — bunu müntəzəm, təzyiqsiz və özünə qayğı kimi etməkdir.
Globalart.az
