Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Londonda yerləşən tarixi Marlboro Sarayında “Dəniz səviyyəsinin dəyişməsi və qeyri-bərabər nəticələr: Xəzər dənizi və inkişaf etməkdə olan kiçik ada dövlətləri (SIDS) üzrə təcrübələr” adlı yüksəksəviyyəli iqlim dialoqu keçirilib.
Globalart.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “56 ölkəni birləşdirən Millətlər Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən tədbirdə Londondakı diplomatik korpusun nümayəndələri, həmçinin diplomatik korpusun marşalı, Böyük Britaniya Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, kiçik ada dövlətlərinin təmsilçiləri, iqlim təşkilatları və media nümayəndələri, Millətlər Birliyi Katibliyinin əməkdaşları, gənc liderlər və digər qonaqlar iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin səviyyəsinin azalması probleminə diqqət yönəldib. O qeyd edib ki, son 30 ildə dünyanın ən böyük göllərinin su itkisinə məruz qalması və plastik tullantılarla çirklənməsi vəziyyəti daha da ağırlaşdırır. O, Azərbaycanda COP29-un uğurla keçirildiyini xatırladaraq, COP30-a gedən yolda artıq ideyalardan çox əməli addımların atılmasının vacibliyini vurğulayıb.
Leyla Əliyeva rəhbəri olduğu IDEA İctimai Birliyinin təbiətin qorunması və gənclərin bu prosesə cəlb edilməsi istiqamətində apardığı fəaliyyətlərdən də söz açıb. O, çıxışının sonunda qeyd edib ki, təbiətə münasibət insanlığa münasibətin göstəricisidir və Xəzərə laqeyd yanaşmamaq onun həyat dolu gələcəyinə ümid yaradır.”
Globalart.az

