MEDİA rəhbəri: Media süni intellektdən təkcə formanı təkmilləşdirmək üçün istifadə etməməlidir
Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov müasir dövrün əsas çağırışlarından birinin süni intellekt (Sİ) texnologiyalarının mediaya inteqrasiyası zamanı yaranan spesifik məsələlərin həlli olduğunu bildirib.
Globalart.az “Oxu.az”a istinadən xəbər verir ki, o, rəqəmsal transformasiya və medianın gələcəyi mövzusunda danışarkən süni intellektin yalnız mətnin və formanın təkmilləşdirilməsi üçün deyil, həmçinin maraqlı və keyfiyyətli məzmun yaradılması üçün də geniş imkanlar açdığını qeyd edib.
Ə.İsmayılovun sözlərinə görə, informasiya mühitinin yenilənməsi üçün yeni bilik və bacarıqların mənimsənilməsi, süni intellekt texnologiyalarının imkanlarından düzgün istifadə vacibdir.
“Süni intellektsiz faktların yoxlanılması, analitik araşdırmaların aparılması, məlumatların vizuallaşdırılması və jurnalistikanın əsas prinsiplərinə uyğun materialların hazırlanması getdikcə daha çətinləşir. Bu isə onu göstərir ki, jurnalistika artıq tamamilə fərqli bir mərhələyə qədəm qoyub”, – deyə MEDİA rəhbəri vurğulayıb.
O əlavə edib ki, dünyanın bir sıra ölkələrində KİV süni intellektin tətbiqində irəliləyiş əldə edib: “Biz bu prosesi diqqətlə izləyir, təhlil edir və rəqəmsal mühitdə medianın rəqabət qabiliyyətini artırmaq üçün təşəbbüslərlə çıxış edirik”.
Globalart.az
