Milli Məclisdə İtaliya Deputatlar Palatasının üzvü ilə görüş keçirilib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İtaliya Deputatlar Palatasının üzvü, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Nayike Qruppioni ilə görüşüb.
Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, görüşdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–İtaliya münasibətlərinin dinamik inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrində mövcud olan yüksək səviyyəli əməkdaşlığa toxunan Səməd Seyidov, ikitərəfli münasibətlərin dərinləşməsində dövlət başçılarının mühüm rolunu qeyd edib. Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti xüsusi vurğulanaraq, ötən ilin oktyabr ayında ölkəmizə rəsmi səfəri çərçivəsində İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda İtaliya–Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirakı yüksək qiymətləndirilib.
Öz növbəsində, İtaliya Deputatlar Palatasının üzvü Nayike Qruppioni göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Bakıda keçirilmiş Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının nəticələri barədə təəssüratlarını bölüşən qonaq, İtaliya ilə Azərbaycan arasında bütün istiqamətlər üzrə mövcud olan uğurlu əməkdaşlığa toxunaraq, ölkələrarası münasibətlərin yüksələn xətlə strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini vurğulayıb.
Söhbət zamanı dövlətlərarası əlaqələrin inkişafında qanunverici orqanların xüsusi rolu qeyd olunub, qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu bildirilib. Həmçinin, parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları arasında sıx münasibətlərdən məmnunluq ifadə olunaraq, parlamentin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Globalart.az