Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Globalart.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, yanvarın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Arzu Nağıyev iclası açaraq, yeni sessiyada komitə üzvlərinə uğurlar arzulayıb.
Komitə sədri ötən il ölkə həyatında baş verən hadisələrin əhəmiyyətindən söhbət açıb, bu baxımdan komitə üzvlərinin üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirdiklərini söyləyib. O, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və ölkənin beynəlxalq nüfuzunun güclənməsinə xidmət etdiyini vurğulayıb.
Sonra Arzu Nağıyev iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.
O, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 24 iclasının keçirildiyini, 19 məsələyə baxıldığını, o cümlədən 5 qanun layihəsinin üç oxunuşda, 2 qanun layihəsinin bir oxunuşda müzakirə olunaraq qəbul edildiyini söyləyib.
Komitə sədri hesabat dövründə vətəndaşlardan və müxtəlif təşkilatlardan daxil olmuş 236 ərizə, məktub, digər bir sıra sənədlərə, habelə elektron poçt vasitəsilə daxil olmuş məktublara komitə tərəfindən baxıldığını, qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlərin görüldüyünü, vətəndaşlara lazımi izahatların verildiyini bildirib. Qeyd edib ki, müxtəlif məzmunlu 46 ərizə və müraciət lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib, ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları ilə əlaqə saxlanılıb və həllinə nail olunub.
O, payız sessiyası dövründə komitə sədrinin və üzvlərinin həm ölkə daxilində, o cümlədən parlamentdə, həm də xaricdə keçirilmiş beynəlxalq tədbirlər və görüşlərdə fəal iştirak etdiklərini söyləyib.
Komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən Arzu Nağıyev diqqətə çatdırıb ki, yaz sessiyası müddətində qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirəsi, hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, sessiya ərzində, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması, seçicilərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Müzakirələr zamanı komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Hikmət Məmmədov, Aydın Mirzəzadə, Rizvan Nəbiyev, Elman Məmmədov təqdim olunan sənədlər barədə öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat məqbul sayılıb, komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi təsdiq olunub.
Tədbirdə komitə üzvləri Kamal Cəfərov, Azər Kərimli, Qaya Məmmədov, Ramid Namazov, Gülşən Paşayeva, Səbinə Salmanova, Samir Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Globalart.az