“PAŞA Holdinq”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammiti işinə başlayır
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu gün regionun nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 öz işinə başlayır.
“PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklərin, startapların və innovativ həllərin təşviqinə dəstək vermək, eyni zamanda müxtəlif ölkələrdən olan iş adamları və investorların şəbəkələşməsini təmin etməkdir. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdə fəaliyyət göstərən innovatorlar, investorlar və sənayenin tanınmış liderləri Bakı Konqres Mərkəzində bir araya gələcək.
“INMerge” İnnovasiya Sammiti bu il 30-dan çox ölkədən 1000-dən çox təsisçi, investor, korporativ lider və siyasətçini bir araya gətirəcək.
Sammit zamanı iştirakçılar müxtəlif şirkətlərin təqdim etdiyi ən son innovativ məhsul və xidmətlərlə tanış olmaq imkanı qazanacaqlar.
İki gün davam edəcək sammitdə iştirakçılara yüksək səviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə fürsətləri təqdim ediləcək. Bu ilki tədbirdə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi beynəlxalq və yerli şirkətlərin rəhbər və nümayəndələri də iştirak edəcəklər.
Globalart.az

