QHT Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva: “Xankəndi – xalqımızın qürurunu bərpa edən tarixi dönüş nöqtəsidir”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimindən mətnini təqdim edirik.
Hörmətli dövlət qurumlarının nümayəndələri,
Qeyri-hökumət təşkilatlarının rəhbərləri,
Əziz xanımlar və cənablar,
İlk növbədə hər birinizi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə azad Xankəndində keçirilən Azərbaycan QHT-lərinin III Əməkdaşlıq Forumunda səmimiyyətlə salamlayıram
Xoş gəlmisiniz!
Forumun “Konstitusiya və Suverenlik İli” çərçivəsində məhz Xankəndində keçirilməsi təsadüfi deyil. Çünki Xankəndi – sadəcə bir şəhər deyil, uzun illərin nisgilinə son qoyan, xalqımızın qürurunu bərpa edən tarixi dönüş nöqtəsidir.
Bəli, biz tam əminliklə deyə bilərik ki, Vətən müharibəsinin son zəfər dayanacağı məhz Xankəndi oldu. Çünki Xankəndi uzun illər boyu separatizmin ideoloji və siyasi mərkəzi hesab olunurdu.
Təsadüfi deyil ki, ölkə Prezidenti andiçmə mərasimindəki nitqində bu məqamı xüsusi diqqətə çatdırır “Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten sadəcə bir bülleten deyildi — bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Bu gün isə qarşımızda yeni bir mərhələ dayanır — qurmaq, dirçəltmək və sülh dolu gələcək inşa etmək….
İlk dəfə məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada “birlik yaratmaq” ideyasının əks olunması, müstəqilliyin ilk illərində formalaşan ictimai birliklər suverenlik ideyasının güclənməsinə, ölkəmizin informasiya blokadasından çıxmasına və vətəndaş cəmiyyəti quruculuğuna təkan vermişdir.
Dünyada mövcud olan uğurlu təcrübələr göstərir ki, vətəndaş cəmiyyəti əlverişli şəraitdə daha səmərəli fəaliyyət göstərir. Əlverişli şərait dedikdə təkcə maliyyə dəstəyi deyil, həm də məlumatlandırma, metodiki və konsultativ dəstək, eləcə də qanunvericilik təşəbbüslərinin dəstəklənməsi nəzərdə tutulur. Məhz bu yolla biz ictimai dəyərlər zəncirinə könüllü qoşulmanı təmin edə bilirik.
II forumdan keçən dövr ərzində Agentlik QHTlərin dəstəyi ilə 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz nəticə ilə yekunlaşdırmışdı.
Qlobal Cənub QHT Platformasının yaradılması isə Azərbaycan QHT-lərinin beynəlxalq etimad qazanmasında dönüş nöqtəsi oldu.
Bu təşəbbüsə 116 ölkədən 120 nümayəndə şəxsən, 137 ölkədən isə 1023 nümayəndə imza ilə dəstək verib.
Bundan başqa Agentlik dövlət–özəl–QHT əməkdaşlığının ilk nümunələrini artıq yaradıb. Ek təbii səervətləri, Qarabağ Dirçəliş Fondu və BP ilə uğurlu əməkdaşlıq həyata keçirilib.
QHT-lərin inkişaf və mübadilə proqramları da uğurla davam edir — 6-cı inkişaf və mübadilə proqramı 18–19 oktyabrda Şuşada uğurla yekunlaşıb.
-Gənc nəslin vətəndaş cəmiyyətinə marağının artırılması da Agentliyin diqqət mərkəzindədir və bu məqsədilə universitetlərdə təqdimatlar davam etdirilir., sabah Qarabağ Universitetində bu istiqamətdə yeni görüş baş tutacaq.
Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn təşəbbüslərə də dəstək məqsədilə bu günədək 100-dən artıq layihə maliyyələşdirilib. 2026-cı il qrant müsabiqələrində də ölkə Prezidentinin tövsiyəsinə uyğun olaraq bu istiqamətə xüsusi önəm veriləcək.
İctimai diplomatiya və QHT-lərin beynəlxalq fəaliyyətləri artıq öz effektini göstərir. Bu, Azərbaycanın zəfər dövründə QHT-lər vasitəsilə beynəlxalq tribunada layiqli təmsilçiliyini təmin edən mühüm faktor kimi çıxış edir.
Təsadüfi deyil ki, ölkə Prezidenti də vətəndaş cəmiyyətinin rolunu xüsusi vurğulayır:
“Heç bir kənar qüvvə bizə qarşı məkrli plan həyata keçirə bilməz. Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi istiqamətində addımlar atacağıq.”
Növbəti Forumadək qısamüddətli hədəflərimiz:
• Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun təşkili;
• QHT qanunvericiliyi sahəsində islahatların həyata keçirilməsi;
• Qlobal Cənub QHT Platforması çərçivəsində əməkdaşlığın genişləndirilməsi;
• Agentliyin saytının yenilənməsi və elektron xidmətlərin təkmilləşdirilməsi,
• QHT-lərin Çində fəaliyyət göstərən beyin mərkəzləri və təşkilatlarla əlaqələrinin qurulması;
• Urban Forumda QHT-lərin fəal iştirakının təmin edilməsi.
Forum zamanı səslənəcək təkliflər və gözləntilər bizim üçün çox önəmlidir. Fikirlərinizi ideya qutusu vasitəsilə yazılı şəkildə təqdim edə bilərsiniz.
Hörmətli Forum iştirakçıları,
Əminəm ki, bu gün keçirilən III Forum Agentliyin təşəbbüsü ilə faydalı fikir mübadiləsi üçün uğurlu platforma olacaq. Bu platforma hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı naminə konstruktiv əməkdaşlığa, milli maraqlar naminə vahid mövqe nümayişinə xidmət edir.
Bu gün 20 oktyabr – Zəngilan şəhər gününü qeyd etdiyimiz bir vaxtda, Xankəndidə və bütövlükdə Qarabağda yenidən həyat canlanır.
Tikilən yollar, məktəblər, hava limanları – bunlar sadəcə infrastruktur deyil, yenidən doğulan Azərbaycan torpağının simvoludur.
Azərbaycanın suverenliyi yalnız dövlətin deyil, hər bir vətəndaşın şərəf məsələsidir.
Çünki Vətənin azadlığı, insanın azadlığıdır.
Bu azadlığı qorumaq, bu məsuliyyəti dərk etmək hər birimizin borcudur.
Dövlətinə və torpağına sahib çıxmış Azərbaycan xalqı bu gün öz doğma yurdunda alnıaçıq, üzüağ və qürurla yaşayır, müharibəni qazandıqdan sonra regionda sülhü bərqərar etmək naminə Prezident İlham Əliyevin rəhbərliyi ilə xoşbəxt gələcəyinin binasını hörür.
Bir daha forumun işinə uğurlar arzulayıram!
Bayrağımız uca, suverenliyimiz əbədi olsun!
Globalart.az
