Rəşid Behbudov 110 il
Azərbaycan Dövlət Mahnı Teatrında dünyaşöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudovun anadan olmasının 110 illiyinə həsr olunmuş qala-gecə keçirilib.
Bu barədə Globalart.az-a Dövlət Mahnı Teatrından məlumat verilib.
Bildirilib ki, sənətkarın doğum günündə adını daşıyan Dövlət Mahnı Teatrının təşkilatçılığı ilə keçirilən gecədə rəsmi şəxslər, ziyalılar və sənət nümayəndələri iştirak ediblər.
Konsertin rəsmi hissəsində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirova və Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək Rəşid Behbudov irsinin zənginliyindən bəhs ediblər. Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.
Gecənin bədii hissəsində dirijor Ellada Məmmədovanın rəhbərliyi altında Mahnı Teatrının estrada-simfonik orkestrinin müşayiəti ilə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Salman Qəmbərov, Əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Toğrul Əsədullayev, eləcə də solistlər İlhamə Qasımova, Rövşən Qəhrəmanov, İlkin Dövlətov, Taleh Yəhyayev, Fəxri Kazım-Nicat, Urfan Cəfərov və Nicat Aslanov çıxış ediblər.
Tədbirdə Rəşid Behbudovun zəngin yaradıcılıq irsini əks etdirən arxiv görüntüləri qonaqlara təqdim olunub.
Globalart.az