Riad Qasımov “Sovetski” məhəlləsinin regenerasiyası ilə bağlı danışdı
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Təzə Pir ətrafındakı ərazinin – keçmiş “Sovetski” məhəlləsinin regenerasiyası ilə bağlı mühüm açıqlamalarla çıxış edib.
Globalart.az xəbər verir ki, Riad Qasımovun sözlərinə görə, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Süleyman Tağızadə, Nabat Aşurbəyova, Lev Tolstoy, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrini əhatə edən ərazi Bakının mərkəzində aparılan kompleks şəhərsalma transformasiyasının davamıdır.
Layihə tarixi simanın qorunması ilə innovativ memarlıq və planlaşdırma həllərinin vəhdətini təmin etməyə yönəlib. Məqsəd dayanıqlı, balanslaşdırılmış və insan-mərkəzli şəhər mühitinin formalaşdırılmasıdır.
Riad Qasımov vurğulayıb ki, tarixi irsin qorunması bu layihənin başlıca prinsipidir:
“Yenidənqurma prosesi keçmişin məhv edilməsi deyil, əksinə şəhər toxumasının bərpası və müasir, təhlükəsiz yaşayış mühitinin yaradılması kimi dəyərləndirilir. Bu layihə göstərəcək ki, inkişaf tarixi silmir, onu yenidən dirçəldir. Bu yanaşma həm dövrün ruhuna, həm də gələcək nəsillərin tələblərinə cavab verir.”
Ərazidə həyata keçirilən işlər Avropa paytaxtlarında tətbiq olunan tarixi mərkəzlərin dayanıqlı inkişaf və revitalizasiya prinsiplərinə əsaslanır. Söküntü yalnız qəzalı və bərpası mümkün olmayan tikililəri əhatə edir. Tarixi və memarlıq dəyəri olan binalar isə qorunaraq bərpa olunacaq.
Hazırda ərazidə dövlət mühafizəsində olan 70-dən çox tarixi abidə və memarlıq-mədəni dəyəri olan 50-dən artıq bina mövcuddur. Ümumilikdə 120-dən artıq binanın saxlanılması nəzərdə tutulur.
Qeyd olunub ki, bu layihə nəticəsində Təzə Pir ətrafı yalnız tarixi simasını qoruyaraq deyil, həm də müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış, istirahət və ictimai məkanlarla zənginləşdirilmiş mərkəzə çevriləcək.

