Şəhid Vaqif İsmayılzadənin ailəsi ziyarət olunub
Şəhid İsmayılzadə Vaqif Vüqar oğlunun Horovlu kəndində məskunlaşan ailəsi ziyarət edilib. Bayram ərəfəsində keçirilən görüşdə məktəbin direktor və müəllim kollektivi şəhid ailəsi ilə bir araya gəlib.
Globalart.az xəbər verir ki, görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq torpaqlarımızı işğaldan azad edib. Vurğulanıb ki, Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman oğullarımız əbədiyyətə qovuşaraq gələcək nəsillər üçün örnəyə çevriliblər. Şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu diqqətə çatdırılıb, həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edilib.
Bildirilib ki, əslən Cəbrayıldan olan Vaqif İsmayılzadə 1996-cı il noyabrın 6-da Beyləqan rayonu Şahsevən kəndində anadan olub. O, 2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətini davam etdirib. Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 20-də Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Beyləqan rayonunda dəfn edilib. Vaqif İsmayılzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhid Vaqif İsmayılzadə ailəli olub, iki övladı yadigar qalıb. Şəhidin atası, anası, həyat yoldaşı və hər iki övladı Cəbrayıl rayonunun Horovlu kəndində məskunlaşıblar.