Sahibkarlar üçün seminar təşkil edilib
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə əməkdaşlığı ilə “Sahibkar saatı” layihəsi çərçivəsində maarifləndirici seminar keçirilib.
Globalart.az “KOBIA”ya istinadən xəbər verir ki, tədbirdə elektrik enerjisi və qaz təchizatı sahələrində fəaliyyət göstərən podratçılar, eləcə də “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri iştirak ediblər.
“Bakı KOB evi”ndə keçirilən tədbirdə KOBİA-nın Katibliyinin rəhbəri Elmar İsayev və EMTA-nın departament direktoru vəzifəsini icra edən Malik Muradzadə sahibkarların məlumatlandırılması məqsədilə müxtəlif qurumlarla birgə seminar və dəyirmi masaların təşkil edilməsinin əhəmiyyətini bildiriblər. Vurğulanıb ki, belə tədbirlər müvafiq sahədə görülən işlər, qanunvericiliyin tələbləri barədə sahibkarların məlumatlandırılması, dövlət qurumları ilə iş adamları arasında əməkdaşlığın inkişafı baxımından faydalıdır.
Sonra EMTA-nın əməkdaşları Vüqar Həşimov və Ağarza Əliyev Agentlik tərəfindən göstərilən xidmətlər, elektrik şəbəkəsinə qoşulma qaydaları, qaz təchizatı sahəsində müayinə və texniki xidmətin həyata keçirilməsi, ixtisas attestatının verilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.
Globalart.az
