Sergey Yesenin Bakıda necə eşqə düşdü? “Прощай, Баку”
28 dekabr Sergey Yeseninin anım günüdür
Azərbaycan qonaqpərvərliyi ilə tanınan bir diyardır. Bu torpağa yolu düşən hər kəs süfrəmizin bolluğundan, insanlarımızın səmimiyyətindən, təbiətimizin rəngarəngliyindən danışır. Bakı isə əsrlər boyu təkcə tacirlərin, səyyahların deyil, həm də söz və sənət adamlarının yolunu gözləyən bir şəhər olub. Elə buna görə də paytaxtımızda qonaq olan məşhurlar şəhərin yaddaşında silinməz izlər buraxıblar.
Globalart.az bildirir ki, rus lirikasının ən parlaq, eyni zamanda ən faciəvi simalarından biri Sergey Yesenin də yada düşür. Yesenin Bakıya bir neçə dəfə gəlib. İlk səfəri 1920-ci ildə olsa da, onun taleyində xüsusi yer tutan gəlişi 1925-ci ilin martına təsadüf edir. Şair bu dəfə Bakıda iki aydan çox qalır, Mərdəkanda yaşayır və sonralar “İran nəğmələri” adı ilə tanınacaq şeirlər silsiləsini məhz burada yazır.
Mərdəkandakı bağlar, Xəzərin nəfəsi, şərq ab-havası onun xəyal etdiyi diyara çevrilir. Bu mühit Yeseninin yaradıcılığını alovlandırır, qələmini daha da kövrəldir.
Bakıda olduğu müddətdə Yesenin “Bakinskiy raboçi” qəzeti ilə sıx əməkdaşlıq edir. Onun burada yazdığı qırxdan artıq şeir ilk dəfə məhz bu qəzetdə çap olunur. Şair şəhəri gəzib-dolaşır, neft mədənlərini görür, dənizkənarı bulvara vurulur. Hətta bir dəfə Bibiheybətdəki neft anbarına atılması ilə bağlı qeyri-adi hadisə də onun Bakı xatirələri sırasındadır. Bu “dəli” cəsarət şairin səhhətinə ciddi zərər vursa da, o, xəstəxana çarpayısında belə şeir yazmaqdan vaz keçmir.
Yeseninin Bakıda qaldığı ünvanların ən yadda qalanı Murtuza Muxtarovun Mərdəkandakı məşhur bağıdır. Bu gün AMEA-nın Dendrologiya bağı kimi tanınan həmin məkanda şairin xatirə otağı qorunub saxlanılır. Bu ev-muzey Ryazandan sonra dünyada Yeseninə həsr olunmuş ikinci məkan sayılır.
Bakıda olduğu illərdə Yesenin Azərbaycan mədəniyyəti ilə də yaxından tanış olur. Cabbar Qaryağdıoğlunun oxuduğu muğam onu valeh edir. Rəvayətə görə, şair böyük xanəndəni “Şərq musiqisinin peyğəmbəri” adlandıraraq ona bədahətən şeir həsr edir. Aşıq sənətinə qulaq asarkən isə “burada elə müdriklik var ki, bütün Şərqə yetər” deməsi də yaddaşlarda qalıb.
Şairin Bakı eşqləri də xatirələrdə iz buraxıb. Opera Teatrında Dalila rolunda çıxış edən Fatma Muxtarovanın gözəlliyi onu heyran edir. Digər bir hekayə isə Şağan kəndindən süd gətirən naməlum qadınla bağlıdır. Deyilənə görə, məşhur “Şaqane, sən mənimsən” misralarının ilhamı da məhz Bakı kəndlərinin birindən doğur.
1925-ci ilin mayında Yesenin Bakını tərk edir. Amma şəhər onu buraxmır. O, son şeirlərini də Bakıya – “Bakinskiy raboçi” qəzetinə göndərir və ölümündən sonra burada çap olunmasını xahiş edir. Elə Bakıya həsr etdiyi “Əlvida, Bakı” şeiri də onun yaradıcılığının ən kövrək zirvələrindən birinə çevrilir.
Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь, больней и ближе,
И чувствую сильней простое слово: друг.
Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.
Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму…
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.
Yesenin üçün Bakı təkcə bir şəhər deyildi. Bu, onun ilham tapdığı, ruhunu dinləndirdiyi, sözünü yenidən kəşf etdiyi bir məkan idi. Elə buna görə də Bakı Yeseninin yaddaşında günəşli, mehriban və bir az da kədərli bir sevda kimi qaldı.
Globalart.az