“Sosial işin idarəolunması” istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarəolunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Globalart.az-a verilən məlumata görə, yeni e-sistem sosial xidmətlərin daha səmərəli və vahid yanaşma əsasında təşkili və həmin xidmətlərə ehtiyac duyan şəxslər və ailələrlə aparılan sosial iş prosesinin optimallaşdırılması məqsədi daşıyır.
Həmin e-sistem sosial xidmətlər sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, sosial xidmət göstərilməsi zəruri olan şəxslər, onların sosial xidmətlərə olan tələbatları barədə qurumlar arasında məlumat mübadiləsinin, nəticədə xidmətlərin göstərilməsinin operativliyinə imkan yaradır.
“Sosial işin idarəolunması” e-sistemi sosial işin planlaşdırılması, icrası və monitorinqi proseslərində çevikliyin və şəffaflığın artırılmasında, risklərin vaxtında müəyyən edilməsində də əhəmiyyətli rol oynayacaq.
Növbəti mərhələlərdə sistemin funksionallığının genişləndirilərək təkmilləşdirilməsi nəzərdə tutulur.