• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Tarix yazılır: Murad Muradov Ermənistana səfəri və İrəvanda NATO seminarında iştirakı haqqında

Oktyabr 16, 2025
A A

Topçubaşov Mərkəzinin direktor müavini, beynəlxalq əlaqələr üzrə ekspert Murad Muradov Ermənistanın paytaxtı İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci seminarında iştirak edərək, müharibədən sonra mühüm missiya ilə Ermənistana səfər edən ilk azərbaycanlı nümayəndələrdən biri olub. O, Azərbaycan və Ermənistan arasında sülh prosesi və regional dinamikaya dair panel müzakirəsində uğurla iştirak edib. Global Art Magazine-in baş redaktoru Cəmalə Naxçıvani ilə eksklüziv müsahibəsində cənab Muradov səfər təəssüratlarını, seminarın ab-havasını, mədəniyyət mübadiləsinin xalqlar arasında körpü rolunu oynamasının əhəmiyyətini səmimi şəkildə bizimlə bölüşüb.

 

Murad Muradov və Cəmalə Naxçıvani, Global Art jurnalının baş redaktoru

 

— Murad bəy, Global Art jurnalına xoş gəlmisiniz! Xahiş edirik, iştirak etdiyiniz tədbir haqqında danışasınız.

— Salam! Dəvətiniz üçün təşəkkür edirəm!

Mən NATO Parlament Assambleyasının Ermənistanda keçirilən 108-ci Rose-Roth Seminarında iştirak etdim. Tədbir ikitərəfli formatda yox, beynəlxalq xarakter daşıyırdı. Bu, əsasən Şərqi Avropa və postsosialist ölkələr üçün 1990-cı illərdən etibarən mütəmadi keçirilən Aİ–NATO seminarıdır.

Bu dəfə seminar İrəvanda baş tutdu. Bu ilin iyul ayında tərəfdaşlarımdan birindən dəvət aldım və o, məni NATO Parlament Assambleyasına (bu layihəni birbaşa həyata keçirən təşkilat) tövsiyə etdi. Dəvət mənim Azərbaycan və Ermənistan arasında sülh prosesi və regional dinamika mövzusuna həsr olunmuş diskussiya panelində çıxış etməyimi nəzərdə tuturdu.

Düzünü desəm, bu, mənim üçün gözlənilməz oldu. Cəmi bir il əvvəl belə bir imkanın yaranması çox real görünmürdü — ölkələrimiz arasındakı münasibətlər hələ də gərgin idi, ekspert dairələrində isə yeni gərginlik riskləri müzakirə olunurdu. Lakin 2025-ci ilin ortalarında mən Ermənistana səfər etmək üçün dəvət aldım və təbii ki, bunu ciddi və məsuliyyətli addım kimi qəbul etdim.

Qeyd etmək vacibdir ki, bu cür görüşlər 2019-cu ildən bəri keçirilmir, yəni müharibədən öncəki dövrdən etibarən. Ola bilsin ki, bəzi idman tədbirlərində fərdi iştiraklar olub, lakin siyasi və ekspert səviyyəsində bu, ilk səfər idi. Buna görə də, azərbaycanlı nümayəndənin İrəvana gəlişi, 2019-cu ilin payızında azərbaycanlı jurnalistlərin Ermənistana səfərindən sonra ilk səfər oldu.

Mən səfərə, çıxışıma və panelin əsas mövzusuna, sülh danışıqları və Cənubi Qafqazın postmünaqişə gələcəyi məsələlərinə, çox ciddi hazırlaşdım. Müzakirədə Ermənistan, Türkiyə nümayəndələri, eləcə də Haaqada yerləşən bir təşkilatı təmsil edən moderator iştirak edirdi. O, xüsusilə vurğuladı ki, bu panel iştirakçı tərkibi baxımından tarixdə ilk belə formatda keçirilir. Düşünürəm ki, bu faktın özü çox şeyi ifadə edir.

İrəvanda keçirilən NATO Parlament Assambleyasının 108-ci seminarından foto

— Murad bəy, Siz bu səfərə hansı düşüncələrlə yola düşdünüz? Müharibədən sonra Ermənistana ilk gedən azərbaycanlı nümayəndələrdən biri kimi olduqca məsuliyyətli bir missiyanı üzərinizə götürmüşdünüz.

— Bu, ayrıca bir hekayədir. Mən, həqiqətən də, iştirakçılar arasında Azərbaycanın yeganə nümayəndəsi idim və, təbii ki, bu səfər hər bir addımın diqqətlə düşünülməsini və koordinasiyasını tələb edirdi. Mənim İrəvandakı qalmağımın bütün detalları müvafiq strukturlar səviyyəsində razılaşdırılmışdı. Artıq İrəvana çatdıqdan sonra məni Ermənistan XİN-in protokol şöbəsi və təhlükəsizlik xidməti əməkdaşları diplomatik protokol qaydalarına tam uyğun şəkildə qarşıladılar.

İrəvana qədər mən tək səfər etdim: təşkilatçılar mənim üçün İstanbuldan bilet aldılar, bu yeganə mümkün marşrut idi. Əlimdə təşkilatçılardan və həmçinin Ermənistan tərəfindən göndərilmiş, təhlükəsizliyimə dair rəsmi zəmanətlər və məktublar var idi. Əlbəttə, müəyyən risk var idi. Hətta düşünürdüm ki, aviaşirkət bu vəziyyətə ehtiyatla yanaşa bilər, hansısa çətinliklər ola bilər. Amma hər şey qaydasında keçdi: sənədlər qəbul olundu, mənə əlavə suallar verilmədən uçuşa buraxıldım və yola düşdüm. Düşünürəm ki, bu marşrutla uçan ilk azərbaycanlı mən olmuşam.

İrəvanda hər şey dəqiqliklə təşkil olunmuşdu. Məni aeroportun VIP zalında qarşıladılar, ümumi xidmətlərlə, gömrük orqanları ilə təmasda olmadım. Şəhər daxilində gedişlərim xidməti avtomobillə təmin olunurdu. Oteldə təhlükəsizlik daimi nəzarət altında idi. Hətta gecə saatlarında iki nəfərin hər ehtimala qarşı yerdə növbətçi olması qəbul edən tərəfin məsuliyyətini vurğulayırdı.

— Tədbirin özünü necə qiymətləndirirsiniz? Sizcə, məqsədlərinə çatıldı?

— Seminarın əsas auditoriyası müxtəlif ölkələrin parlament üzvlərindən ibarət idi. Düzünü desəm, onların bəziləri beynəlxalq siyasət barədə çox ümumi təsəvvürə malik idilər, çünki Avropa parlamentləri adətən daha çox daxili məsələlərə, iqtisadiyyata, vergi və sosial siyasətə fokuslanırlar, xarici siyasətə isə nisbətən az diqqət yetirirlər.

Buna baxmayaraq, regiona maraq hiss olunurdu. Xüsusilə Avropa nümayəndələri tərəfindən. Onların bir çoxu üçün, məsələn, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən üçtərəfli danışıqlar barədə məlumat belə təəccübləndirici idi. Onlar səmimi maraqla soruşurdular: bundan sonra nə gözlənilir, tərəflər hansı real addımları atacaq?

Əlbəttə, suallar çox fərqli idi. Xüsusən Fransa nümayəndələri tərəfindən kifayət qədər kəskin, bəzən isə təxribat xarakterli suallar səsləndirilirdi. Məsələn, “Azərbaycan necə sülh qurmaq istəyir, əgər onların fikrincə, erməni mədəni irsinə diqqət yetirilmir?” kimi suallar verilirdi. Bəzən Azərbaycan–Fransa münasibətlərindəki ayrı-ayrı epizodlar da yada salınırdı, baxmayaraq ki, onların seminarın əsas mövzusu ilə birbaşa əlaqəsi yox idi. Mən çalışırdım ki, sakit, arqumentli və təmkinli şəkildə cavab verim, lazımsız mübahisələrə qatılmayım.

Ümumilikdə, tədbir uğurlu keçdi. Azərbaycana maraq açıq şəkildə hiss olunurdu, rəylər əsasən müsbət idi. Təşkilatçılar yekun sessiyada mənim iştirakımı xüsusi qeyd etdilər və vurğuladılar ki, belə bir səfərin mümkünlüyü özü sülh dialoqu prosesində əhəmiyyətli bir addımdır. Bu, simvolik bir məqamdır, çünki nə Azərbaycan, nə də Ermənistan NATO üzvü deyil, lakin bu kimi böyük beynəlxalq qurum Cənubi Qafqazda dialoqun inkişafında obyektiv və konstruktiv rol oynaya bilər.

— Siz orada olduğunuz zaman həmin anın vacibliyini hiss edirdinizmi?

— Əlbəttə. Düzünü desəm, yola düşəndə tədbirin məkanı və formatı barədə tam təsəvvürüm yox idi. Təsəvvürümdə bu, böyük səhnəsi, çoxsaylı iştirakçıları, mətbuat və televiziyanın iştirakı ilə beynəlxalq miqyaslı bir forum kimi canlanırdı. Təbii ki, müəyyən məqamda bir az həyəcan da hiss oldu, vəziyyət həm unikal, həm də çox məsuliyyətli idi. Amma format daha sakit və işgüzar xarakter daşıyırdı: tədbir otelin konfrans zalında, olduqca sakit və professional bir mühitdə baş tutdu. Auditoriya kifayət qədər boyük idi.

Mənim üçün ən yaddaqalan an yerli jurnalistlərin mənə yaxınlaşmaqları oldu. Etiraf edim ki, mətbuatla ünsiyyətdən əvvəl müəyyən gərginliyi hiss edirdim, çünki jurnalistlər bəzən analitiklər və ekspertlərdən fərqli olaraq, kəskin və provokativ suallar verə bilirlər — bu da auditoriyanın diqqətini çəkmək üçün edilir. Lakin ünsiyyət çox mədəni şəkildə keçdi. Məncə, bu səfərin vacib anlarından biri idi.

— Ümumilikdə səfəri necə qiymətləndirirsiniz?

— Proqram çox dəqiq şəkildə planlaşdırılmışdı — onu NATO və qəbul edən tərəf birgə hazırlamışdı. Hər şey rəsmi protokol çərçivəsində, cədvələ tam uyğun şəkildə həyata keçirilirdi. Seminarla yanaşı, proqramda rəsmi şam yeməyi də nəzərdə tutulmuşdu. Bizi keçmiş xalça fabrikinə apardılar — indi orada həm emalatxana, həm də muzey-restoran fəaliyyət göstərir, adı isə xalçaçılıqla məşğul olmuş tanınmış bir erməni ailəsinin adını daşıyır. Orada musiqi müşayiəti ilə şam yeməyi və kiçik ekskursiya təşkil olunmuşdu.

Bundan əlavə, bizi Qədim Əlyazmalar Muzeyinə, Matenadarana da apardılar. Regionun tarixinə maraq göstərən bir insan olaraq, bu mənim üçün xüsusilə maraqlı idi. Biz bilirik ki, qədim mənbələrin və artefaktların təfsiri çox vaxt mübahisələrin mövzusu olub, bəzi erməni tarixçilər bu mənbələrə əsaslanaraq, Qarabağın və Azərbaycanın bir çox ərazilərinin “tarixi erməni torpaqları” olduğunu iddia edirdilər. Buna görə də mən bu ekskursiyaya bir qədər ehtiyatla yanaşırdım.

Lakin qeyd etməliyəm ki, ekskursiya tam korrekt şəkildə keçdi. Gid, düşünürəm ki, qrupun tərkibi barədə məlumatlı idi və neytral üslubu qorumağa çalışırdı, kəskin şərhlərdən çəkinirdi. Məsələn, bir zalda bizə erkən orta əsrlərə aid unikal sənədin fraqmentləri göstərildi — eyni mətn üç dildə və üç müxtəlif əlifbada: erməni, alban və gürcü dillərində yazılmışdı. Gid bunu sadəcə fakt kimi qeyd etdi, heç bir subyektiv izah vermədi. Həmçinin ekspozisiyadakı xəritələrdə Qafqaz Albaniyası adı açıq şəkildə göstərilirdi — bu da, təbii ki, önəmlidir, çünki belə eksponatlar ölkəmizin çox zəngin tarixindən xəbər verir.

Sonda, mənim üçün İrəvanın mərkəzində, Marşal Baqramyan prospekti və sovet dövrü fəvvarələr ilə memarlıq kompleksi olan Respublika Meydanı boyunca qısa bir gəzinti təşkil olundu.

Təəssüf ki, vaxt az olduğundan başqa yerləri görməyə imkan olmadı.

– Sizcə, xüsusilə bizim regionda ölkələr arasında mədəni dialoqun və mübadilənin rolu nə dərəcədə vacibdir?

— Mən əminəm ki, mədəniyyət hər zaman yaradıcılıq və birləşdirici amildir. O, elə bir dildir ki, hətta ən mürəkkəb xalqlar bu dildə bir-birini anlaya bilər. Təəssüf ki, tarix elə nümunələr də tanıyır ki, mədəniyyət dağıdıcı vasitəyə çevrilib, demoqoqlar mədəni irsi mənimsəməyə, onu “digər tərəfə” qarşı silaha çevirməyə çalışıblar. Amma yenə də nəticədə mədəniyyət hər zaman birləşdirir.

Əgər münaqişəmizin tarixinə baxsaq, görərik ki, məhz mədəniyyət nümayəndələri — yazıçılar, rəssamlar, musiqiçilər — insanların ürəklərinə toxunacaq sözləri daha tez tapıblar, insanlığı xatırladıblar. Axı incəsənətin dili beynəlxalq dildir, və onun gücü də bundan ibarətdir. O, mədəniyyəti insanlar arasında körpü kimi istifadə etməyə əsas verir.

Çox vacibdir ki, həm dövlət, həm də cəmiyyət bu istiqamətdə birgə və ardıcıl hərəkət etsin. Çünki çoxsaylı mürəkkəb məsələlər var ki, onları diqqətdən kənarda qoymaq olmaz — əks halda, onlar gərginliyi artırmağa davam edəcək. Biz bu gün nəyə hazır olduğumuzu və nəyin vaxt tələb etdiyini düşünməliyik. Hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq və inkişaf üçün möhkəm körpü və etimad simvolu kimi xidmət edə biləcək amillər var.

Bir nümunə — Bakının mərkəzində yerləşən erməni kilsəsidir. O, hələ də şəhərin mərkəzində dayanır, Azərbaycan dövləti tərəfindən qorunur və içində Bakıdakı keçmiş erməni icmasının arxivi saxlanılır. Hesab edirəm ki, gələcəkdə memarlıq və kilsə tarixi üzrə mütəxəssislərin oraya səfərləri təşkil oluna bilər. Onlar həmin abidələrin vəziyyətini yerindəcə görə bilərlər. Bu, çox güclü bir siqnal olardı.

Başqa istiqamətlər də var. Bir çox azərbaycanlılar və ermənilər — valideynləri və ya nənələri-babaları vaxtilə münaqişə səbəbindən doğma yerlərini tərk etməyə məcbur qalmış insanlar — indi öz əcdadlarının yaşadığı evləri, küçələri, dəfn olunduqları qəbiristanlıqları görməyi arzulayırlar. Bu da irsin bir hissəsidir, elə deyilmi? Zamanla sərhəddə musiqiçilərin, rəssamların və mədəniyyət xadimlərinin ikitərəfli iştirakı ilə kiçik festivalların təşkili mümkün ola bilər.

Rəssamlıq, axı, sərhəd tanımır. Musiqidə melodiyanın mənşəyi, ritmin kökləri, alətin kimə məxsus olması barədə mübahisələr olar bilər, amma rəssamlıqda daha asandır — o, universal dilə malik nisbətən “neytral” incəsənət növüdür.

Yeri gəlmişkən, mən erməni ictimai xadimi Georgi Vanyanı xatırlayıram. O, hələ 2010-cu illərdə mədəni dialoqu qurmaq üçün çoxsaylı addımlar atırdı. O, İrəvanda azərbaycan filmlərinin nümayişini təşkil edirdir, azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququnu tanımağa çağırırdı. Buna görə onu xəyanətkar adlandırırdılar, təhdid edirdilər, təzyiqə məruz qoyurdular. Amma bu gün vəziyyət dəyişib, yeni şəraitdə daha pozitiv dinamika yaranıb. Əgər kiçik addımlarla — bir-iki birgə layihə, seminar, mədəniyyət günü ilə başlasaq, sonra daha irəli getsək, tədricən etimad mühiti formalaşar. Belə təmaslar artdıqca, destruktiv qüvvələrin kimisə “xəyanətkar” kimi damğalamaq imkanları da azalacaq. Bu gün reallığın özü bizi məhz bu istiqamətdə hərəkət etməyə çağırır və mən səmimi qəlbdən ümid edirəm ki, bu proses dayanmayacaq.

– Sizə təşəkkür edirik və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Müsahibəni Global Art jurnalının baş redaktoru Cəmalə Naxçıvani aparıb.

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.