Vaqif Mustafazadə irsi: Cazla muğamın sintezi
16 dekabr Vaqif Mustafazadənin anım günüdür
Azərbaycan musiqisinin dəyərli simalarından biri, dünya caz səhnəsində də öz izini qoyub Vaqif Mustafazadə, milli musiqi ilə klassik Amerika cazını ustalıqla birləşdirərək orijinal bir üslub yaradıb.
Globalart.az bildirir ki, bu unikal sintez “Caz-Muğam” adlandırılıb və hələ də həm Azərbaycan, həm də beynəlxalq səhnələrdə musiqiçilər üçün ilham mənbəyi olaraq qalır.
Vaqif Mustafazadə 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil olub. Akademiya illərində o, həm klassik caz, həm bluz, həm də oynaq mahnılar ifa edərək kiçik konsertlərdə səhnəyə çıxıb.
1964-cü ildən etibarən Vaqif Mustafazadə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal-instrumental qruplarına, həmçinin “Muğam” instrumental ansamblına rəhbərlik edib. O, həmçinin beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub: “Tallin-66”, “Tbilisi-78” və “Monte-Karlo” kimi nüfuzlu tədbirlərdə yüksək nailiyyətlər qazanıb.
Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertlərin, “Muğam” simfoniyasının, bir sıra caz kompozisiyaları və pyeslərin müəllifidir. O, xalq musiqisi və muğamdakı improvizasiyalarda caz elementlərini ustalıqla birləşdirərək orijinal bir janr yaradıb. 1979-cu ildə isə bu zəngin yaradıcılığı ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adını qazandırıb.
Sənətkarın yaradıcılığı yalnız Azərbaycan klassik musiqisi ilə məhdudlaşmayıb, o, dünya caz ənənələrini də əhatə edib. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və Niyazi kimi dahi bəstəkarların irsinə böyük hörmətlə yanaşan Vaqif Mustafazadə, onların ən yaxşı elementlərini öz əsərlərində əks etdirib.
Vaqif Mustafazadə həm də istedadlı pedaqoq və musiqi rəhbəri olub. O, gənc nəslin yetişdirilməsində böyük rol oynayıb, övladlarına musiqi və mədəniyyət sevgisini aşılayıb. Kiçik qızı Əzizə Mustafazadə də dünya şöhrətli musiqiçi kimi onun irsini davam etdirir.
Azərbaycan caz musiqisinin banisi və “Caz-Muğam” üslubunun yaradıcısı kimi Vaqif Mustafazadə, milli musiqimizi dünyaya təqdim edən bir sənətkar kimi daim xatırlanacaq. Onun işıqlı xatirəsi və unudulmaz musiqi irsi xalqımız tərəfindən əziz tutulur və yeni nəsillərə ilham verir.
Globalart.az