Xalq yazıçısı, kinodramaturq Yusif Səmədoğlunun anadan olmasının 90 illiyi qeyd edilib
Yanvarın 9-da Azərbaycan Dövlət Film Fondunda Xalq yazıçısı, kinodramaturq Yusif Səmədoğlunun 90 illik yubileyi qeyd edilib. Tədbir Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2025-ci il tarixli Sərəncamına müvafiq olaraq təşkil olunub.
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, yubiley tədbirini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Yusif Səmədoğlunun əsəri əsasında çəkilmiş “Foto-fantaziya” filminin yeganə nüsxəsinin Dövlət Film Fonduna daxil olmasının tarixçəsindən bəhs etdi.
Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimləri İntiqam Qasımzadə və Ayaz Salayev görkəmli yazıçı haqqında xatirələrini bölüşüblər, onun yaradıcılığını təhlil ediblər.
Sonunda Y.Səmədoğlunun eyniadlı əsəri əsasında çəkilmiş, Dövlət Film Fondunun arxivində qorunub saxlanılan “Foto-fantaziya” filmi ilk dəfə olaraq, geniş ictimaiyyətə təqdim olunub. 1970-ci ildə rus dilində lentə alınmış film Azərbaycan dilində subtitrlərlə nümayiş etdirilib.
Qeyd edək ki, film Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovun kurs işi kimi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda istehsal olunub. Filmin rejissoru Dövlət mükafatı laureatı Rauf Nağıyevdir.
Globalart.az