• ABOUT US
  • ADVERTISEMENT
  • CONTACT US
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

XX-ci əsrin qeyri-adi rəssamları və yazıçıları

September 23, 2025
A A

İncəsənət tarixində çoxlu qeyri-adi rəssam və yazıçılara rast gəlmək olar. Amma onların arasında da digərlərindən daha çox və ya daha az seçilənlər var. Onların əksər insanlardan fərqli dünyagörüşü və həyata yanaşmaları tez-tez dəlilik adlandırılır. Lakin böyük sürrealist rəssam Salvador Dali deyirdi:

“Böyük psixoloqlar belə anlamırdılar ki, dahilik harada bitir, dəlilik harada başlayır.”

Biz sizin üçün ötən əsrin ən qeyri-adi rəssamlarının həyatından faktlar hazırlamışıq.

 

Salvador Dali

Ən məşhur sürrealist rəssamlardan biri Salvador Dalini incəsənət tarixində ən eksantrik şəxsiyyət adlandırırlar. Onun bioqrafiyasındakı saysız-hesabsız faktlar bunu təsdiq edir. İnternet məkanında Paris küçələrində qeyri-adi ev heyvanı – qarışqayeyənlə gəzintiyə çıxmış Dalinin şəkillərinə rast gəlmək olar. Bu, onun ictimaiyyət qarşısında ilk qeyri-adi çıxışı deyildi. Nyu-Yorka ilk səfəri zamanı Dali özü ilə iki metrlik baqet götürmüşdü. Daha sonra isə Paris küçələrinə şəffaf kürə şəklində, içərisində oturacaq yerləşən öz ixtirası olan nəqliyyat vasitəsində çıxmışdı. Onun qeyri-adiliyi yalnız davranışlarında deyil, əsərlərində də əksini tapırdı: uzun, incə ayaqları olan fillər, uçan pələnglər – bunların hamısı Dalinin yuxularının məhsulu idi. O, yuxularını izləmək üçün xüsusi konstruksiyalardan istifadə edir, tam yatmamağa çalışaraq oturaq vəziyyətdə yuxuya dalırdı.

Marina Tsvetayeva

Marina Tsvetayeva, “Gümüş dövr”ün ən qeyri-adi şairələrindən biridir. Onun xarakteri olduqca müstəqil idi, həyatı isə bir növ fasiləsiz etirazdan ibarət idi. Marina İvanovna heç vaxt cəmiyyətin fikrinə əhəmiyyət vermirdi. O, kişi üslubunda geyinməyi üstün tuturdu və sifariş etdiyi geyimlərin kişi standartlarına uyğun tikilməsini dəfələrlə qeyd edirdi. Bundan əlavə, Tsvetayevanın bioqrafiyası onun çoxsaylı sevgi münasibətləri ilə zəngindir. Bu münasibətlər arasında qadınlarla da, ərinin dostları ilə də əlaqələri olmuşdu. Üç övladı olsa da, başqalarının uşaqlarını sevmirdi. Ola bilsin ki, bu səbəbdən övladlarını uşaq evinə verib və orada Tsvetayevanın kiçik qızı faciəvi şəkildə dünyasını dəyişib.

Franz Kafka

Məşhur “Çevrilmə” əsərinin müəllifi Franz Kafka, əsərlərində də əksini tapan ziddiyyətləri ilə XX əsrin ən qəribə yazıçılarından sayılır. Onun qeyri-adiliyi ailəsi ilə çətin münasibətlərindən başlanırdı – ailəsi yazıçılıq maraqlarını qəbul etmirdi. Kafka ömrü boyu evlilikdən qaçdı, yazışma yolu ilə olan sevgi münasibətləri üstünlük təşkil edirdi. Buna baxmayaraq, vərəmlə xəstələndikdən sonra evlənmək qərarına gəldi. O, sağlamlıq problemlərinə görə çox kompleks keçirirdi: yuxusuzluq, miqren kimi xəstəliklərdən əziyyət çəkirdi. Özünü təravətləndirmək üçün isə Praqadakı mənzilində pəncərə kənarında yarıçılpaq və ya tam çılpaq vəziyyətdə idman hərəkətləri, dartınmalar və hoppanmalar edirdi. Kafkanın yazılarının böyük əksəriyyəti onun ölümündən sonra dostunun sayəsində nəşr olunmuşdu. Halbuki dostuna bütün əlyazmalarını yandırmağı tapşırmışdı.

Marina Abramoviç

Serb rəssamı, yaxud “Performansın nənəsi” adlandırılan Marina Abramoviç dünyada qeyri-adi eksperimentləri və performansları ilə məşhurdur. Onların arasında “Balkan Barokko” performansı – 1500 inək sümüyünü fırça ilə təmizləməsi, “Tomasın Dodaqları” – qarın nahiyəsinə ülgüclə beşguşəli ulduz kəsməsi, “Ritm 0” – tamaşaçılara 72 əşyadan istifadə edərək onunla qarşılıqlı əlaqədə olmaq imkanı verilməsi və bir çox başqaları var. Abramoviçi öz dövrünün digər rəssamlarından fərqləndirən yalnız performansları deyil, həm də şəxsi həyatındakı faktlardır. Onun “Marina Abramoviçin Həyatı və Ölümü” tamaşasında anası ilə mürəkkəb münasibətləri və 14 yaşında olarkən anasının tapançası ilə “Rus ruleti” oynaması epizodu da əks olunub.

Ernest Heminquey

Nobel mükafatı laureatı, amerikalı yazıçı Ernest Heminquey dünya ədəbiyyatına böyük töhfələr vermişdir. Onun məşhur əsərləri arasında “Qoca və Dəniz”, “Səninlə Həmişədir Bayram” və başqaları var. Amma yazıçının ağır taleyi və qeyri-adi həyat səhifələri çoxlarına məlum deyil. Heminquey beş müharibə, dörd avtomobil qəzası və iki təyyarə qəzasından sağ çıxmış, çoxsaylı yaralar və xəsarətlər almışdı. Ömrü boyu müharibənin nəticələrindən qurtulmağa çalışırdı və bu yolda ona ən çox sevimli pişikləri kömək edirdi. Mənbələrə görə, onun altmış pişiyi var idi. Bundan əlavə, ova olan həvəsi də onu gerçəklikdən uzaqlaşdırırdı. O, ov həvəskarı idi və bir dəfə bir gündə 400 vəhşi dovşan ovlamışdı. 1938-ci ildə isə dənizdə 7 marlin balığı tutaraq dünya rekordunu qırmışdı.

Sağ Banner

For questions regarding copyright protection, please contact us at this address:
info@globalart.az/en
When using materials from this website, it is mandatory to provide a hyperlink to the original article.
Tel: +994 50 201 98 17

GLOBAL Art © 2025. All rights reserved.

No Result
View All Result
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. All rights reserved.