• ABOUT US
  • ADVERTISEMENT
  • CONTACT US
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Gözəl yemək sənəti

September 23, 2025
A A

 

Ən saf və sadə sevgi – yeməyə olan sevgidir. Gəlin etiraf edək, hər birimiz dadlı yeməkləri sevirik. Əgər bu dadlı proses ətrafdakı gözəl atmosferlə müşayiət olunursa, onda biz həm də estetik zövq alırıq. Müasir dövrdə restoranlar, kafelər, barlar və kofeyniyalar sıx qrafikimizdə və iş siyahımızda az qala mühüm rol oynayır. Axı, ağır iş günündən sonra rahat bir kafedə olmaq, ya da sadəcə dostlarla vaxt keçirmək çox xoşdur. Bu gün dizaynerlər daha cəsarətli addımlar ataraq müştərilərin diqqətini çəkmək üçün maraqlı və təsirli interyerlər yaradırlar.

 

Restoranlarda interyer necə yaradılır və o, ruh halımıza necə təsir edir?

Restoran və kafe dizaynından danışarkən, adətən estetika, komfort, gözəllik və əlbəttə ki, funksionallıq nəzərdə tutulur. Restoran dizaynında aktual istiqamətlər bunlardır: yaradıcı loft, modern üslubla tamamlanan ingilis klassikası, parlaq rənglər və qeyri-adi həllərlə seçilən füşn (fusion). Ən vacib məqam – məkanın özü, mebellərin seçimi və yerləşdirilməsidir. Dizaynın hər detalı interyerdə mühüm rol oynayır. Doğru işıqlandırma isə uğurlu dizaynın açarıdır. Barlarda və restoranlarda, konseptin bir hissəsi olaraq, zəif işıqlandırmaya yol verilir, lakin belə məkanda işgüzar görüşlərin keçirilməsi çətin olar. Rəng palitrası interyerin aktiv elementi sayılır, tekstil də bu prosesin ayrılmaz hissəsidir. Fon musiqisi isə bütün axşama ton verir və məkanın ab-havasını formalaşdırır. Bir anlıq təsəvvür edin: elə bir yerdəsiniz ki, yalnız qaşıq və çəngəlin boşqaba toxunuş səsi eşidilir. Bu, yeməkxana təəssüratı yaradır və tamamilə narahatlıq gətirir. Arzulanan atmosferi yaratmaq üçün dizaynerlər, bunlardan əlavə, maraqlı dekor elementlərindən istifadə edirlər: interyeri tablolar, çilçıraqlar və qeyri-adi heykəllərlə canlandırırlar.

Artıq bir çox dizaynerlər anlayır ki, insanlar restorana yalnız dadlı yeməklər üçün gəlmirlər, həm də sosial şəbəkələrdə paylaşa biləcəkləri ambians axtarırlar. Bu günlərdə gözəl “Instagram” lenti hər zamankından daha çox önəm daşıyır. Əgər axtarışda “Instagrammable Restaurants” yazsanız, qarşınıza saysız-hesabsız gözəl və maraqlı interyerlər çıxacaq.

Biz isə sizin üçün qeyri-adi və xoş məkanlardan kiçik bir seçim təqdim edirik.


Sketch – London, İngiltərə

Londonun, eləcə də Avropanın ən fotogenik restoranlarından biridir. Sketch – bir neçə məkanın birləşdiyi kompleksdir və hər zal özünəməxsus, eklektika üslubunda tərtib olunub. Ən məşhur zal isə “The Gallery”dir. Onun memarı və dizayneri olan İndia Mahdavi parlaq və kontrast rəngləri ustalıqla birləşdirir. Elə buna görə də onu “Rənglərin kraliçası” adlandırırlar. Beləliklə, dizayner bizə nağılı xatırladan bir məkan bəxş edir və müsbət enerji ilə yükləyir.


Beef Bar – Paris, Fransa

Bu interyerin müəllifləri Emil Humber və Kristofer Poye onu “Ayıqlıq və eksantrikliyin oyunu” adlandırırlar. Zəngin, dəbdəbəli və eyni zamanda müasir interyer yaratmaq üçün dizaynerlər bölməli tağlardan, mayolika naxışlarından, frizlərdən və mərmərdən istifadə ediblər. Burada ən yaxşı rəssamlar və vitraj ustaları çalışıb, Art Nuvonun ruhunu qoruyaraq divar və tavanlarda əks etdiriblər. Qırmızı məxmər oturacaqlar və budaqlardan ibarət motivli monoxrom xalça isə məkana həm bəzək, həm də kontrast qatır. Bu da Art Nuvonun əsas xüsusiyyətlərindəndir.


La&Lo Bar – Bakı, Azərbaycan

Şəhərin mərkəzində, Merchant Baku otelində yerləşən yeni “Lalo Bar” bizə isti və qeyri-rəsmi atmosfer təqdim edir, elə bil evinizdəsiniz. Louncun dizaynı tarixi və müasirliyi birləşdirən bir məkanı nümayiş etdirir. Planlaşdırma və mebellərin yerləşdirilməsi olduqca düşünülmüşdür. İçəri ab-havanı isti rənglər, müasir tablolar, çilçıraqlar, ağır pərdələr, bitkilər və şərq xalçaları tamamlayır. Tarixi divarlar və tağlar isə məkana xüsusi bir cazibə bəxş edir.


Bistro L.E.S.S. – Brüqqe, Belçika

L.E.S.S.-in interyer ideyası sadə və təmtəraqsız mühit yaratmaqdır ki, insanlar yeməklərindən daha çox zövq alsın, az şeylərlə yayındırılsın. Burada tünd beton, dəridən hazırlanmış stul örtükləri və ağac kimi kobud materiallardan istifadə olunub. Amma təbii işıqlandırma sayəsində düz və təmiz xətlərin bütün gözəlliyini görmək mümkündür. Zərif sadəliyin və minimalizmin sevərləri bu məkanın təmkinli və sərt üslubunu yüksək qiymətləndirəcəklər.


Kink – Berlin, Almaniya

Kink – qeyri-adi dizayn yanaşması ilə seçilən unikal bir məkandır. Zalın mərkəzində yerləşən neondan hazırlanmış instalyasiya əsas işıq mənbəyidir. Yarıqaranlıq, loft elementləri ilə zəngin müasir minimalist məkan insana rahatlıq bəxş edir. Rəngarəng divanlar kərpic divarların fonunda uğurla seçilir. Qeyri-adi Kink məkanı bar, restoran və kulinariya laboratoriyasını birləşdirir və tarixi binanı müasir incəsənət və dizaynla mükəmməl harmoniya içində təqdim edir.


Müəllif: Məryəm Qayedi

Sağ Banner

For questions regarding copyright protection, please contact us at this address:
info@globalart.az/en
When using materials from this website, it is mandatory to provide a hyperlink to the original article.
Tel: +994 50 201 98 17

GLOBAL Art © 2025. All rights reserved.

No Result
View All Result
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. All rights reserved.