Səyahət ruhunu əks etdirən filmlər
Redaksiyamız Sizə diqqətlə seçilmiş on filmi təqdim edir. Cəmi bir neçə kliklə evinizdən min kilometrlərlə uzağa aparacaq və “səyahət əhval-ruhiyyəsi”-nin bütün cazibəsini hiss etdirəcək bu filmlər səyahət ab-havasını birbaşa ekranınıza gətirəcək.
Zəhmət olmasa, kəmərlərinizi bağlayın: ilk dayanacaq – günəşli İtaliya.

“Culyettaya Məktublar” (2010)
Qəmli hekayəsi ilə məşhur kiçik Verona şəhəri, “Culyettaya Məktublar” adlı melodramanın hadisələrinin baş verdiyi məkandır. Film, “New Yorker” jurnalının xəyalpərəst jurnalisti Sofi Holl və onun nişanlısı Viktorun səyahətindən bəhs edir. Sofi “Culyetta Divarı” adlanan məşhur məkanı kəşf etdikdən sonra həyatını tamamilə dəyişdirəcək hadisələr zəncirinə düşür. Filmin hadisələri yalnız romantik Verona ilə məhdudlaşmır, həm də dünyaca məşhur üzüm bağları və mənzərələri ilə tanınan günəşli Toskana da ekranda canlanır.

“Viki, Kristina, Barselona” (2008)
Xarizmatik Xavyer Bardem, parlaq Penelopa Kruz və cazibədar Skarlett Yohanson bizi məşhur rejissor Vudi Allenin “Viki, Kristina, Barselona” adlı komedik melodramasına aparır. Rejissor tamaşaçını və filmin qəhrəmanlarını İspaniyanın zənginlikləri ilə dolu inanılmaz marşrut boyunca müşayiət edir: Barselonanın əsas görməli yerlərindən – böyük memar Antonio Qaudinin layihəsi əsasında tikilmiş «La Sagrada Familia» kilsəsi ilə tanış edir. Tamaşaçıya bu səyahət boyu filmin süjetinə mükəmməl uyğunlaşdırılmış rahatladıcı ispan musiqilərindən ibarət valehedici bir pleylist də yoldaşlıq edir.

“Dəli Zəngin Asiyalılar” (2018)
Verona, Toskana və Barselonadan sonra biz sürətlə rəngarəng Sinqapura enirik və “Dəli Zəngin Asiyalılar” adlı romantik komediyadan zövq alırıq. Süjetin əsasında gənc asiyalı Reyçelin sevgilisinin vətəni olan Sinqapura səyahəti dayanır. Öz sevgilisinin ailəsi barədə heç nə bilməyən Reyçel həm Asiyanın qədim ənənələri, həm də müasir Sinqapur və onun tropik mənzərələri ilə tanış olur. O, eyni zamanda çətinlikləri dəf edir və sevgilisinin varlı ailəsinin cəmiyyətinə uyğunlaşmağa çalışır.

“Volter Mittinin İnanılmaz Həyatı” (2013)
Aktor və rejissor Ben Stillerin çəkdiyi bu dinamik macəra-tragikomediya, ofis işçisi Volter Mittinin maarifləndirici səyahətini tamaşaçıya açır. Jurnalın buraxılışı üçün çatışmayan bir şəkili tapmaq məqsədilə, gündəlik monoton işindən sıxılan Volter, fotoqraf və səyahətçi Şonun izləri ilə uzun səyahətə çıxmağa qərar verir. Ekstremal səyahətlərin vurğunu olan Şonun izi ilə gedən bu macəra Volterin həyatında dönüş nöqtəsi olur: o, təkcə Qrenlandiya, İslandiya və Himalayların heyrətamiz təbiətini deyil, həm də özünü kəşf edir.
Dünyanı görmək, onun təhlükələrini tanımaq, divarların o üzünü seyr etmək, bir-birimizi tapmaq, yaxınlaşmaq, hiss etmək – həyatın əsas mənası da budur.

“Turist” (2010)
“Turist” filmini izləməyə dəyər edən səbəblərdən biri onun eyni anda bir neçə janrı – döyüş, triller və dramı özündə birləşdirməsidir. Digər səbəb isə – baş rollarda Hollivud ulduzları Ancelina Coli və Conni Deppin çıxış etməsidir. Tamaşaçı filmdə Parisin mərkəzi küçələrindəki kafelər və möhtəşəm Venesiyanın bal-maskaradları ilə də tanış olur ki, bunlar da filmin ayrılmaz hissəsinə çevrilir.

“Roma Tətili” (1953)
“Roma Tətili” filmi tamaşaçını yalnız başqa şəhərə deyil, başqa əsrə də aparır. Maraqlı süjet bizi Əbədi şəhərin adət-ənənələri və emosional sakinləri ilə yaxından tanış edir. Azadlıq və macəra arzusu ilə yaşayan şahzadəni canlandıran misilsiz Odri Hepbörn isə bu Roma səyahətini daha da unudulmaz edir.

“Monte-Karlo” (2011)
Bu filmdə bizi qucaq açaraq qarşılayan Paris və dəbdəbəli Monako knyazlığıdır. Monako öz dəbdəbəli yaxtaları, kazinoları və knyaginəsi Qreys Kelli ilə məşhurdur. Romantik komediya janrında çəkilmiş “Monte-Karlo” üç rəfiqənin səyahətindən və təsadüfən başqa birinin yerinə keçməyin onların həyatını necə dəyişdiyindən bəhs edir. Sadə süjetinə baxmayaraq, film çox yüngül izlənir və tamaşaçının qəlbində xoş təəssürat buraxır.

“Yaxşı İl” (2006)
“Yaxşı İl” filmi tamaşaçını bir-birinə zidd olan iki şəhərə aparır: yağışlı və sürətli London, həm də sakit və isti Provans. Baş qəhrəman Maks – iş adamı və həyatında Provans üçün heç vaxt yer yox idi. Film tamaşaçıya geniş emosional palitra bəxş edir: Fransanın cənubundakı yaşıllıqlar, yavaş tempdə həyat tərzi, qəhrəmanın uşaqlıq xatirələri, incə yumor və mükəmməl seçilmiş musiqi.

“Romada Macəra” (2012)
Bu siyahıda olan Vudi Allenin ikinci filmi onun məşhur üslubunu davam etdirir: gözəl şəhərlərin sentimental küçələrində səyahət, qeyri-adi personajlar və onların məntiqsiz davranışları. Komediyada hər şey ən yüksək səviyyədədir – aktyor heyəti, çəkiliş məkanları, yumor və əlbəttə ki, süjet xətti. Hadisələr bir-birindən tamamilə fərqli, lakin Romaya heyran olan bir neçə personajın ətrafındadır. Vudi Allen tamaşaçıya yalnız maraqlı süjet deyil, həm də Kolizey, Trevi fəvvarəsi və Roma xarabalıqları kimi ən azı beş görməli yeri təqdim edir.
– Mənim IQ göstəricim hardasa 160 idi.
– Sən onu dollarda hesablayırsan. Avro ilə daha azdır.

“Parisdə Gecəyarısı” (2011)
“Parisdə Gecəyarısı” filmini rahatlıqla Paris üzrə mini-bələdçi adlandırmaq olar. İlk 5 dəqiqədən tamaşaçıda sanki turizm agentliyinin Paris turlarını reklam edən bir film izlədiyi təəssüratı yaranır. Rejissor tamaşaçıya Monmartr və Sakre-Kör bazilikasını göstərərək, əsas qəhrəmanın həyatından danışır. Romantik və fantastik elementlərlə zəngin bu komediya yazıçı və ümidini itirmiş romantik Gilin Parisdəki səyahətini təsvir edir. O, ilk kitabı üçün motivasiya axtarır və sevgilisi İneslə birlikdə şəhərdə gəzərək, keçmişin məşhur yazıçılarına edilən çoxsaylı istinadlarla qarşılaşır. Paris əsrlər boyu sənət adamlarını ilhamlandırdığı kimi, Gili də ruhlandırır. Ernest Heminquey də Parisdən təsirlənərək öz məşhur “Paris bayramdır, hər zaman səninlədir” kitabını yazmışdı.
Müəllif: Amina Əkbərova
