Sağlam rəqabət mühitinin formalaşdırılması dövlət vəsaitlərindən daha səmərəli istifadəyə birbaşa təsir göstərir.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ötən il elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş vəsaitin ehtimal olunan qiymətdə xüsusi çəkisi 17,9 faiz təşkil edib. Bu nəticə rəqabətli satınalma mühitinin gücləndirilməsi, elektron satınalma mexanizmlərinin geniş tətbiqi və rəqəmsal transformasiya sahəsində həyata keçirilən islahatların effektivliyini nümayiş etdirir.
Agentlik sədri əlavə edib ki, dövlət satınalmalarının inkişafı həm büdcə vəsaitlərinin səmərəli idarə olunmasına, həm də biznes subyektləri üçün daha əlverişli və bərabər rəqabət şəraitinin formalaşmasına xidmət edir.
Global Art